Daş yaddaşından dövlət statusuna: Azərbaycan yazı mədəniyyətinin şərəfli yolu
Rəhman Hüseynov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı RİHB-nın Zığ QİƏD üzrə nümayəndəsi
Ölkəmizdə İslam dininin yayılması ilə əlaqədar ərəb əlifbasından geniş istifadə olunmuş, yüzilliklər boyu bu dil din, elm və təhsil sahəsində əsas rol oynamışdır. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqələrinə xidmət etmiş ərəb qrafikası Azərbaycan dilinin zəngin fonetik səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilmir, onun daxili quruluşu haqqında tam aydın təsəvvür yaratmırdı. Bu fundamental çatışmazlıqlar Mirzə Fətəli Axundov başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarında köklü əlifba islahatı keçirmək ideyasını formalaşdırdı.
Siyasi tarixin təlatümləri nəticəsində, 1940-cı il yanvarın 1-dən kiril qrafikalı Azərbaycan əlifbasına keçmək haqqında qərar qəbul olundu. Sonralar bu qrafikanın dilimizin fonetik səs sisteminə uyğunlaşdırılması üçün müəyyən dəyişikliklər aparıldı. Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası vasitəsilə Azərbaycan elmi və mədəniyyətinin olduqca qiymətli şah əsərləri yaradıldı.
1970-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən kəskin gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması və sıradan çıxarılması prosesi daha da gücləndirildi. Belə bir sərt rejim şəraitində ana dili məsələsini müdafiə etmək böyük cəsarət tələb edirdi. Çünki hələ 1930-cu illərin acı xatirələri unudulmamışdı; o dövrdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta ittifaq respublikalarının rəhbərləri belə bu mövzunu gündəmə gətirməkdə aciz idilər.
Bütün bu süni məhdudiyyətlərə və təhlükələrə rəğmən, Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz qətiyyətli və cəsarətli mövqeyini hər zaman ən yüksək səviyyədə qorumağa müvəffəq oldu. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları və xalqı bu müqəddəs amal ətrafında səfərbər etdi. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğuladı ki, Konstitusiyanın vətəndaşlara verdiyi təhsil hüququ məhz ana dilində oxumaq imkanı ilə təmin olunmalıdır.
1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürüldü. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin tarixi adı olan "Azərbaycan dili" ifadəsi dəstəklənirdi. Geniş ictimai və elmi müzakirələrdən sonra, 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əbədi hüquqi əksini tapdı.
Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi yüksək dövlət səviyyəsində qeyd edilir. Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması, saflığının saxlanılması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin göstərdiyi misilsiz səylər xalqımızın tarixində əbədi yaşayacaq əvəzedilməz bir töhfədir.