“Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir

“Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir
Təhminə Əsgərli
YAP Suraxanı rayon təşkilatının üzvü
Xarici Dillər Təmayüllü Gimnaziyanın müəllimi
2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun və əməkdaşlığın gücləndirilməsi üçün məxsusi təşəbbüsü – “Bakı Prosesi”ni irəli sürdü. Bir neçə il ərzində COVID-lə və post-COVID vəziyyətlə bağlı fasilə olmağına baxmayaraq, ənənəvi cədvəl tamamilə bərpa olundu və mədəniyyətlərarası dialoq və multikulturalizm məsələlərinin müzakirəsi üçün növbəti dəfə 100-dən çox ölkənin nümayəndəsi Azərbaycanda – Bakıda toplaşdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 1 may 2024-cü il tarixində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış etdi.
​Möhtərəm Prezident forum iştirakçılarını salamladıqdan sonra çıxışında bir sıra qlobal məsələlərə toxundu. Azərbaycanın təşəbbüsü ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirir. Dünyada, əfsuslar olsun ki, yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını və yeni təhdidləri görürük. Məsələlərin həllində Azərbaycanın öz təcrübəsi var. Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Yerləşdiyi coğrafi mövqe, Şərq ilə Qərb arasında yerləşmə bu tendensiyaya imkan yaradıb.
​Cənab İlham Əliyev bildirdi ki, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Hazırda da Azərbaycanda insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətin əsl vətənpərvər insanlarıdır. Çünki multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir.
​Möhtərəm Prezident çıxışında Azərbaycanın son tarixi dönəminə də toxundu. Bildirdi ki, müstəqilliyin ilk illərində çox çətinliklər yaşadıq, ancaq bu vəziyyətdən çıxa bildik. Azərbaycanı parçalamaq cəhdləri var idi və bu, məhz aqressiv separatçılıq var idi. Bütün bunlar Azərbaycan xalqının məhz həmrəyliyini, birliyini sınağa çəkdi. Buna görə milli maraqların qorunması bizim uğurumuz üçün çox vacib amil idi.
​Prezident forum iştirakçılarının diqqətinə çatdırdı ki, mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir. Ölkəmizdə çoxsaylı tədbirlər təşkil olunur. Bu tədbirlər dinlərarası dialoqla da bağlıdır. Çünki dini nümayəndələrin rolu dünyada bütün xalqlar üçün vacibdir və onlar həmin rəhbərlərdən sülh, tolerantlıq, qarşılıqlı hörmət kimi müsbət mesajları eşitməlidirlər. Azərbaycan qəti şəkildə çoxtərəfliliyə sadiqdir. Ölkəmiz çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər fəal şəkildə təşviq edib.
​Cənab İlham Əliyev siyasi reallığa obyektiv yanaşmaq lazım gəldiyini vurğuladı. Çıxışında qeyd etdi ki, bəzi ölkələrin çox ağrılı-acılı müstəmləkə tarixçəsi olub və həmin ölkələrin səsi dinlənilməlidir, onlar yaddan çıxarıla bilməz. Pandemiya dönəmi bütün ölkələrə təsir göstərdi. Azərbaycan məhz o ölkələrdən biri idi ki, fəal şəkildə peyvənd millətçiliyinə qarşı çıxış etdi, səsini ucaltdı.
​Cənab Prezident çıxışında yeni müstəmləkə tendensiyalarına da kəskin münasibətini ifadə etdi. O dedi ki, biz belə bir məsələyə imkan verə bilmərik ki, indi - XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Avropa təsisatları bəzən Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etməyə çalışırlar. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir. Dünya məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır.
​Prezident İlham Əliyev forumda müzakirə olunacaq digər məsələlərə də toxundu. Bildirdi ki, Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi. Azərbaycan indi öz rolunu körpülərin salınmasında görür. Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq. Lakin bizə həmrəylik və qarşılıqlı etimad lazımdır. Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik. Əgər biz bu davranışı davam etdirsək, onda bunun sonu faciə olacaq. COP29-a sədrlik Azərbaycana tapşırılanda qeyd edildi ki, ölkəmizdə 2 qiqavat Günəş və külək enerjisi stansiyaları işə düşəcək və 2030-cu ilə qədər əlavə 5 qiqavat da istismara veriləcək. Bunun sayəsində bərpaolunan enerjini elektrik enerjisi istehsalında istifadə etmək üçün bizə imkan yaranacaqdır.
​Cənab Prezident çıxışında forum iştirakçılarına Azərbaycanın ərazi bütövlüyü uğrunda mücadiləsindən də danışdı. O qeyd etdi ki, Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi müstəqilliyin ilk illərindən 2020-ci ilədək işğal altında qalıb və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün olub, xalqımız etnik təmizləməyə məruz qalıb. Bu 30 ildə BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnaməsi işləmədi. Çünki implementasiya mexanizmi yox idi. Həmin qətnamələri qəbul edənlər heç bir şey etmədilər ki, onlar icra olunsun. Odur ki, biz sülhə müharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik.
Ötən ilin sentyabr ayında biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. İndi isə biz münaqişədən sonrakı vəziyyətdəyik. Məhz Azərbaycan Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. Azərbaycan məhz o ölkədir ki, baza prinsiplərini, hətta sülh sazişinin layihəsini hazırladı. İndi iki ölkə arasında danışıqlar gedir və bu danışıqlar bizim təkliflərin layihəsi üzərində aparılır. 30 il insanlar əziyyət çəkib, beynəlxalq hüquq pozulub, bizim bütün mədəni, tarixi məkanlarımız, o cümlədən 67 məsciddən 65-i erməni vandalları tərəfindən tamamilə məhv edilib. İndi biz müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası və demarkasiyası başlayıb. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil.
​Bəzi insanlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər.