Bəyanatda Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi təsdiqlənib
Samirə Abdullayeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu Göyərçin uşaq baxçasının müdiri
Cənab Prezident İlham Əliyevin 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə dörd tərəfli görüşü mühüm əhəmiyyət kəsb edir. Görüşün aktual məsələsi Azərbaycan Ermənistan arasında münasibətlərin tənzimlənməsi olmuşdur. Artıq sülhə yavaş-yavaş yaxınlaşırıq. Verdiyi hər bir sözünün sahibi olan, xalqına verdiyi bütün vədləri layiqincə yerinə yetirən Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyü məsələsində bir addım da olsun geri çəkilmədi. Biz istər diplomatiya sahəsində, istərsə də döyüş meydanında öz sözümüzü dedik və sözün əsl mənasında bütün razılaşmaların arxasında durduq. Biz hər kəlməmizin sahibiyik. Biz dəmir yumruğun sayəsində bütün cəbhələrdən qalib əsgər kimi çıxmağı bacardıq. Bu həm praqmatik zəkanın göstəricisi, həm də ədalətin təzahürü idi. Necə deyərlər, çıxılan yol haqq yoludursa, gec və ya tez o yol qələbən keçəcəkdir. Bizim yolumuz həmin yol idi. Haqqın yolu!
Prezident İlham Əliyevin hər beynəlxalq müstəvidə aparılan görüşdə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlarda şəxsən özünün müəllifi olduğu reallıqlardan çıxış edərək ölkəmizin maraqlarını ləyaqətlə qoruması bizi qürurlandırır və ölkəmizin parlaq gələcəyinə olan inamımızı daha da artırır. Bu kimi görüşlərin nəticələrinə nəzər yetirsək, görərik ki, Azərbaycan Prezidentinin polad iradəsi, qətiyyəti, prinsipiallığı sayəsində diplomatik uğurlarımız biri-birinin ardınca gəlir. Praqada baş tutan dördtərəfli danışıqların yekununda qəbul olunan bəyanat ölkəmizin növbəti diplomatik qələbəsidir.
Ermənistanın ərazi bütövlüyümüzü tanıması dövlətimizin başçısı İlham Əliyevin bu istiqamətdə uzun illər davam etdirdiyi siyasi fəaliyyətin parlaq qələbəsidir. Hər kəsə məlumdur ki, ölkəmizin heç bir qonşu dövlətin ərazisində gözü olmayıb, hər zaman mehriban qonşuluq prinsiplərindən çıxış edib, regionda sülh və sabitlik tərəfdarı olub. Biz yalnız bizim olana sahib çıxmışıq. Bu prinsip Prezident İlham Əliyevin siyasi fəaliyyətinin mühüm tərəfini təşkil edib.
Ölkə başçısının zamanında Valday Diskusiya klubunun kürsüsündən “Qarabağ Azərbaycandır və nida” deyərək göstərdiyi şücayət zamanında dostlara ümid, düşmənə göz dağı idi. Amma önəmli olan sözün fəaliyyətə sirayət etməsidir. Möhtərəm Prezident sözünün əridir! Dedi və etdi! Artıq bütün dünya ictimaiyyəti aydın dərk edir ki, Qarabağ Azərbaycandır. Məhz Prezident İlham Əliyevin dəmir iradəsi, qətiyyəti və prinsipiallığı nəticəsində dünya ictimaiyyəti reallığı qəbul etdi.
Azərbaycan həm hərbi, həm də diplomatik müstəvidə güclü tərəfdir. Görüşdə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi zamanı bu aydın göründü. Eyni zamanda, Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən qeyri-formal görüş mühüm əhəmiyyət kəsb edirdi. Müzakirələrə Macarıstanın Baş naziri Viktor Orban daha sonra isə Fransa Prezidenti Emmanuel Makron da qoşuldu.
Azərbaycan çalışırdı ki, ərazi bütövlüyünün təmin olunmasına nail olsun və Ermənistan da bununla razılaşsın. Sənəddə qeyd olunur ki, adları çəkilən dövlətlər gücdən istifadə və güc təhdidi, iqtisadi və hər hansı digər təzyiq üsullarına yol verməməklə mübahisələri sülh yolu ilə həll edəcək. Biz deyə bilərik ki, Ermənistan
Azərbaycanın ərazi bütövlüyünü tam tanıdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 30 il gərgin əmək sərf etdiyi sənədin təsdiqinə nail oldu. Bu böyük uğurdur.
Sənəddə BMT-nin Nizamnaməsi asas götürülmüşdür. Burada ən önəmli məsələlərdən biri də odur ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi təsdiqlənib. Görüşdən sonra verilən bəyanatda göstərilir ki, tərəflər BMT nizamnaməsinə uyğun olaraq bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini tanıyırlar. Eyni zamanda 1991-ci ildə imzalanmış Almatı Bəyannaməsinə sadiqliklərini nümayiş etdirirlər. Bu da Ermənistanla yanaşı, Avropa liderlərinin də Azərbaycanın ərazi bütövlüyünü tanımaları deməkdir. Bu isə çox vacib bir məqamdır və hesab edirəm ki, Prezident İlham Əliyevin apardığı siyasətin diplomatik qələbəsidir. Eyni zamanda sülh müqaviləsinin imzalanmasına yönəlmiş növbəti addımdır.