Azərbaycan Silahlı Qüvvələri: Qürurlu, güclü və müzəffər
Nuranə Rəhimli
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, "Göyərçin" körpələr evi - uşaq bağçasının tərbiyəçi-müəllimi
İyunun 26-sı təkcə təqvimdə bir tarix deyil, bu, Azərbaycanın dövlətçilik tarixinin, xalqımızın yenilməz iradəsinin və müstəqilliyimizin ən mötəbər rəmzidir. Bu gün biz Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü qeyd edərkən, keçdiyimiz çətin, lakin şərəfli yola nəzər salır, ordu quruculuğumuzun bugünkü zirvəsinə qürurla baxırıq.
Azərbaycan Ordusunun bu günü təsadüfən yaranmayıb. Hər şey Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra atılan təməllərlə başladı. O illərdə milli kadrların yetişdirilməsi istiqamətində görülən işlər, gələcək müstəqilliyimizin ən böyük təminatı idi.
90-cı illərin əvvəllərində müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan xalqımız, məhz Ulu Öndərin qayıdışından sonra nizami ordu quruculuğuna başladı. Onun dediyi kimi: “Müstəqillik dövründə qazandığımız ən mühüm nailiyyətlərdən biri milli ordumuzun yaradılması olmuşdur”.
Heydər Əliyev hər zaman vurğulayırdı ki, güclü dövlət güclü ordu deməkdir. Onun 1996-cı ildə dediyi "xalqla ordunun sağlam mənəvi birliyi" prinsipi bu gün də bizim fəaliyyətimizin əsasını təşkil edir.
Müzəffər Ali Baş Komandan və yeni dövr Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu keyfiyyətcə tamamilə yeni, müasir və daha peşəkar bir mərhələyə qədəm qoydu. Ali Baş Komandanın “Ordu quruculuğu bizim üçün prioritetdir” şüarı boşuna deyil. Ordumuzun büdcəsinin durmadan artırılması, dünyanın ən müasir hərbi texnikaları ilə təchiz olunması, hərbi sənaye kompleksinin yaradılması və idxaldan asılılığın azaldılması – bütün bunlar məqsədyönlü siyasətin nəticəsidir.
2016-cı ilin Aprel döyüşləri, Günnüt zəfəri və nəhayət, 44 günlük Vətən müharibəsi ordumuzun gücünü bütün dünyaya sübut etdi. Prezidentimizin dediyi kimi: "Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir". Bir günlük antiterror əməliyyatı isə suverenliyimizin tam bərpası ilə nəticələndi və bu, dünya hərb tarixinə bir şərəf dərsi kimi yazıldı.
Azərbaycan Ordusu artıq yalnız öz gücünə deyil, həm də strateji tərəfdaşlıqlarına arxalanır. Türkiyə ilə imzalanan tarixi Şuşa Bəyannaməsi hərbi əməkdaşlığımızı ən yüksək səviyyəyə qaldırıb. Birgə təlimlər, müdafiə sənayesi sahəsində texnologiya mübadiləsi, Milli Müdafiə Universitetinin yaradılması və ordumuzun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması – bütün bunlar ordumuzu qarşısıalınmaz bir qüvvəyə çevirib. Pakistan və İsrail kimi dost ölkələrlə hərbi sahədə dinamik əməkdaşlıq da bu inkişafın tərkib hissəsidir.
Bu gün Azərbaycan Ordusunun döyüş qabiliyyətini artıran ən mühüm amillərdən biri Komando briqadalarının yaradılmasıdır. İstənilən tapşırığı yerinə yetirməyə qadir olan bu xüsusi qüvvələr, həmçinin peşəkar zabit heyətimiz və vətənpərvər əsgərlərimiz ordumuzun əsas dayaq sütunlarıdır. Prezidentimizin dediyi kimi: "Bizim ordumuz bizim qürurumuzdur".
Bütün bu texniki gücün, müasir silahların və yüksək büdcənin arxasında duran ən əsas məqam – əsgərimizin vətənpərvərlik ruhudur. Heydər Əliyev demişkən: "Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir". Bizim vəzifəmiz gənclərimizi məhz bu ruhda – Vətənə, torpağa, müstəqil dövlətimizə sonsuz sədaqətlə tərbiyə etməkdir. Gənclərin hərbi sahədə təhsil almasını təşviq etmək, onlara Vətəni qorumağın şərəfli bir peşə olduğunu aşılamaq bizim müqəddəs vəzifəmizdir.
Yaşasın Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan!