Azərbaycan-Qırğızıstan əlaqələri geostrateji əhəmiyyət daşıyır
İxtiyar Nəcəfov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu, Qaraçuxur bələdiyyəsini sədri
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində təxminən 15-ə yaxın sənəd hazırlanıb, razılaşdırılıb və imzalanıb. İmzalanan sənədlərin yarısının memorandum olmasına baxmayaraq, onlar Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün möhkəm hüquqi və institusional baza yaradır.
Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri zamanı keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası çərçivəsində dövlət başçıları tərəfindən Dövlətlərarası Şuranın 3-cü iclasının Qərarı imzalanıb. Qərarda dövlətlərarası münasibətlərdə əldə olunmuş müttəfiqlik səviyyəsi xüsusi qeyd edilir, iqtisadi-ticari, nəqliyyat, energetika, kənd təsərrüfatı və mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin zəruriliyi vurğulanır.
Həmçinin qırğız tərəfdaşların və sərmayəçilərin Azərbaycanın azad edilmiş ərazilərində infrastruktur layihələrinin həyata keçirilməsində, xüsusilə Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin tikintisində iştirakı yüksək qiymətləndirilir.
Bundan başqa, hər iki ölkənin sahibkarları arasında tərəfdaşlıq münasibətlərinin qurulmasının, ixrac imkanları barədə məlumat mübadiləsinin və qarşılıqlı faydalı investisiya təşəbbüslərinin həyata keçirilməsinin fəal şəkildə təşviq edilməsi yolu ilə iqtisadi-ticari və sərmayə əməkdaşlığının gələcək inkişafı üzrə zəruri tədbirlərin görülməsi, Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 200 milyon ABŞ dolları məbləğinədək artırılması, o cümlədən energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün təkliflərin verilməsi, eyni zamanda, Qırğız Respublikasına qarşılıqlı faydalı şərtlərlə neft və neft məhsullarının müntəzəm tədarükünün təşkilinə dair tapşırıqlar verilib.
Son illərdə Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər dinamik inkişaf yolu keçərək keyfiyyətcə yeni mərhələyə yüksəlib. Dövlət başçıları arasında formalaşmış qarşılıqlı etimada əsaslanan fəal siyasi dialoq, hökumətlərarası əməkdaşlıq mexanizmlərinin səmərəli fəaliyyəti, beynəlxalq və regional təşkilatlar çərçivəsində nümayiş etdirilən qarşılıqlı dəstək ikitərəfli əlaqələrin strateji məzmununu daha da gücləndirib.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri iki dost və qardaş ölkə arasında münasibətlərin inkişafında növbəti mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən Azərbaycan Respublikası və Qırğız Respublikası Dövlətlərarası Şuranın 3-cü iclası siyasi dialoqun daha da möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi əməkdaşlığın genişləndirilməsi, humanitar əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və Türk dünyasında inteqrasiyanın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
İclasın yekununda imzalanan Dövlətlərarası Şuranın 3-cü iclasının Qərarında iki ölkə arasında münasibətlərin artıq müttəfiqlik səviyyəsinə yüksəlməsinin xüsusi vurğulanması Azərbaycan-Qırğızıstan əlaqələrinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu nümayiş etdirir. Bu, tərəflərin yalnız siyasi məsələlərdə deyil, iqtisadiyyat, enerji, nəqliyyat, investisiya, humanitar əməkdaşlıq və təhlükəsizlik kimi istiqamətlərdə də uzunmüddətli və sistemli tərəfdaşlıq qurmaq niyyətini əks etdirir.
Azərbaycan bütün türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da əlaqələrin inkişafına önəm verir, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün tədbirlər görülür.
Azərbaycan-Qırğız İnkişaf Fondu bu istiqamətdə səmərəli platformadır. İqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və potensialın reallaşdırılmasına yardım məqsədilə yaradılan Fond Azərbaycan və Qırğızıstanın biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərməklə ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə xidmət edir. Fond müxtəlif maliyyə alətlərindən istifadə etməklə Qırğızıstanda qeydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektlərinin prioritet layihələrinə investisiyalar yatıracaq. Bu platforma çərçivəsində Azərbaycan və Qırğızıstan sahibkarlıq subyektlərinin aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələri maliyyələşdiriləcək.
Mənzil-qərargahı Bişkek şəhərində yerləşən Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun maliyyə imkanları ikiqat artırılaraq 200 milyon dollara çatdırmaq barədə razılığa gəlinib. İlham Əliyev bildirib ki, bu son hədd deyil, çünki Fondun fəaliyyəti ilə bağlı aldığımız təqdimat onun konkret məzmunla zənginləşdirildiyini göstərir.
Qardaş Qırğızıstan həmçinin Qarabağın bərpası prosesində də yaxından iştirak edir. Ağdam rayonunda “Manas” adını daşıyan məktəbin açılışı bunun bariz nümunəsidir. İlham Əliyevin sözlərinə görə, bu, Qırğız xalqının 30 il ərzində işğaldan zərər çəkən Qarabağın bərpası işinə böyük töhfəsi oldu: “Bizi tarix, mədəniyyət, xalqlarımızın görkəmli nümayəndələrinə hörmət ilə bağlı çox şey birləşdirir. Biz Sizinlə, həmçinin Bakıda Çingiz Aytmatovun abidəsini və onun adını daşıyan parkın açılışını etdik. Bu yerlər, həmçinin Çingiz Aytmatovun həyatı və fəaliyyəti ilə bağlıdır. Bu gün görüş keçiiyimiz ev də onunla bağlıdır və divarlarda onun portreti var. Bütün bunlar bizim bir-birimizə yaxınlaşmaq səylərimizi nümayiş etdirir.
Bir neçə il əvvəl Sizinlə birlikdə Bişkekdə Qırğızıstan-Azərbaycan dostluğu parkının açılışını da unutmayacağam. Bu park da birgə əməkdaşlığımızın paytaxtdakı kiçik guşəsidir.
Bu gün bizim danışdığımız humanitar əlaqələr – Qırğızıstanda Azərbaycanın, Azərbaycanda isə Qırğızıstanın Mədəniyyət Günləri müsbət ab-hava yaradır, ortaq köklərə malik və bir neçə beynəlxalq strukturda birləşmiş xalqlarımızın necə yaxın olduğunu bir daha nümayiş etdirir.
Bütün bunlar onu deməyə əsas verir ki, diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan-Azərbaycan ikitərəfli əməkdaşlığı qarşılıqlı faydalı tərəfdaşlıq, dostluq əsasında qurulmuş və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəniyyət və digər sahələrdə uğurla inkişaf etmişdir. Görünən odur ki, Azərbaycan digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini etibarlı şəkildə davam etdirir. Hər iki ölkənin məqsədi türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri, Prezident Sadır Japarov ilə görüşü, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər iki qardaş ölkənin münasibətlərində hərtərəfli əməkdaşlığa hesablanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verir. Bütün bunlar türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin inkişafında nümunəyə çevrilir.