Azərbaycan-Qırğızıstan Münasibətlərində Yeni Era: Strateji Müttəfiqlikdən Transkontinental Tərəfdaşlığa

Azərbaycan-Qırğızıstan Münasibətlərində Yeni Era: Strateji Müttəfiqlikdən Transkontinental Tərəfdaşlığa

Safura Hüseynova 

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 101 nömrəli tam orta ümumtəhsil məktəbinin əməkdaşı

Azərbaycanın həyata keçirdiyi müstəqil, uzaqgörən və qətiyyətli xarici siyasət strategiyası regionlararası inteqrasiya proseslərinə güclü təkan verməkdədir. Bu xəttin məntiqi davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstana reallaşdırdığı dövlət səfəri və mətbuata verdiyi bəyanat Bakı ilə Bişkek arasındakı əlaqələrin keyfiyyətcə yeni bir mərhələyə – strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini nümayiş etdirmişdir. 

Səfər zamanı imzalanan müttəfiqlik münasibətləri haqqında müqavilə, qəbul edilən qərarlar və əldə olunan razılaşmalar iki ölkə arasında siyasi dialoqun daha da dərinləşdirilməsinə, iqtisadi əməkdaşlığın genişləndirilməsinə və regional tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Bu tarixi addım yalnız iki ölkənin milli maraqlarına deyil, həm də Türk dünyasında inteqrasiyanın dərinləşməsinə, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi-siyasi əlaqələrin inkişafına mühüm töhfə verir.

Regional miqyasda Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq yeni bir mərhələyə daxil olub. Prezident İlham Əliyevin qətiyyətli xarici siyasət strategiyasının məntiqi davamı olaraq Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul olunması və Çolpon-Ata Bəyannaməsinin imzalanması transkontinental əlaqələrin güclənməsində həlledici rol oynayır.

Bu çərçivədə, dövlət başçılarının qarşılıqlı olaraq ali dövlət ordenləri ilə təltif edilməsi – Prezident İlham Əliyevin Qırğızıstanın 1-ci dərəcəli "Manas" ordeni, Prezident Sadır Japarovun isə Azərbaycanın ən yüksək dövlət təltifi olan "Heydər Əliyev" ordeni ilə təltif olunması iki liderin şəxsi münasibətlərinin və dövlətlərarası etimadın ali səviyyəsini əks etdirir. Bütün bunlar göstərir ki, Bakı və Bişkek arasındakı strateji tərəfdaşlıq regionda sülhün, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasında mühüm katalizator rolunu oynamaqda davam edəcək.

Prezident İlham Əliyevin bəyanatında vurğulanan əsas istiqamətlər investisiya fondunun fəaliyyətinin genişləndirilməsi, nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, humanitar və mədəni layihələrin davam etdirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi gələcək əməkdaşlığın prioritetlərini müəyyənləşdirir.

Xüsusilə, Xəzər dənizi ilə Mərkəzi Asiyanı birləşdirən nəqliyyat-logistika imkanları, Orta Dəhlizin potensialının tam gücü ilə işləməsi və ticarət dövriyyəsinin artırılması istiqamətində atılan addımlar bu formatın nə qədər həyati əhəmiyyət daşıdığını sübut edir. Bu iqtisadi layihələr regionun tranzit xəritəsini yenidən formalaşdırır.

İkitərəfli əlaqələrin digər vacib sütununu təşkil edən humanitar və mədəni əlaqələr hər iki xalqın mənəvi yaxınlığının əsas təməlini təşkil edir. Qırğız xalqının Azərbaycanın haqq işinə və işğaldan azad edilmiş ərazilərin bərpasına verdiyi töhfə xüsusi qeyd olunmalıdır. Ağdam rayonunda qırğız xalqının böyük mütəfəkkiri Manasın adını daşıyan məktəbin inşası və açılışı bu qardaşlığın əbədi simvollarından biridir.

Eyni zamanda, Bakıda dahi yazıçısı Çingiz Aytmatovun adını daşıyan parkın və abidənin açılması, Bişkekdə isə Qırğızıstan-Azərbaycan dostluğu parkının fəaliyyət göstərməsi xalqlarımızın ortaq tarixi köklərə və mənəvi dəyərlərə sadiqliyinin göstəricisidir. Mədəniyyət günlərinin qarşılıqlı şəkildə keçirilməsi isə cəmiyyətlərin bir-birini daha yaxından tanımasına və inteqrasiya proseslərinin dərinləşməsinə şərait yaradır.

Nəticə etibarilə, bu tarixi dövlət səfəri Azərbaycan və Qırğızıstan arasında qarşılıqlı etimadın, dostluğun və qardaşlıq münasibətlərinin daha da möhkəmləndiyini əyani şəkildə nümayiş etdirdi. Hər iki dövlətin ortaq tarixi, mədəni və mənəvi dəyərlərə əsaslanan münasibətləri gələcəkdə yeni birgə layihələrin həyata keçirilməsi üçün etibarlı zəmin yaradır. Məhz bu baxımdan, 31 iyul 2026-cı il tarixli dövlət səfəri yalnız diplomatik hadisə kimi deyil, həm də iki ölkənin uzunmüddətli strateji tərəfdaşlığının möhkəmlənməsinə və regional əməkdaşlığın yeni məzmun qazanmasına xidmət edən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər.

 

Paylaş