Azərbaycan-Qırğızıstan Müttəfiqliyi: Türk Dünyasının İnteqrasiyasında Yeni Geostrateji Mərhələ

Azərbaycan-Qırğızıstan Müttəfiqliyi: Türk Dünyasının İnteqrasiyasında Yeni Geostrateji Mərhələ

Nüşabə Abbasova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 285 nömrəli tam orta məktəbin müəllimi

Azərbaycan ilə Qırğızıstan arasındakı strateji tərəfdaşlıq münasibətləri son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu proses təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, bütövlükdə Türk dünyasının inteqrasiyası və Avrasiya məkanındakı geosiyasi konfiqurasiya baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qətiyyətli xarici siyasəti və milli maraqlara əsaslanan prinsipial diplomatiyası nəticəsində möhkəmlənən bu xətt Qırğızıstana həyata keçirilən dövlət səfəri zamanı bir daha zirvə nöqtəsinə çatdı. Səfər çərçivəsində səsləndirilən bəyanatlar, imzalanan strateji sənədlər və reallaşdırılan birgə layihələr ölkəmizin regionda və qlobal miqyasda artan geosiyasi çəkisini, eləcə də qətiyyətli xarici siyasət kursunun uğurlarını açıq şəkildə nümayiş etdirdi.

İkitərəfli münasibətlərin ən yüksək səviyyəyə qaldırılması və dövlətlərarası əməkdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldilməsi hər iki tərəfdən böyük məsuliyyət tələb edir. Müasir geosiyasi reallıqlar fonunda Azərbaycan və Qırğızıstan beynəlxalq platformalarda, iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində bir-birini ardıcıl olaraq dəstəkləyir. Tərəflər arasında imzalanan yeni sənədlər zərfi bu fəaliyyətin coğrafiyasını və şaxələnmə dərəcəsini əyani şəkildə göstərir.

Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və çoxvektorlu xarici siyasət sayəsində Azərbaycan həm Qafqazda, həm də Mərkəzi Asiya istiqamətində etibarlı və sözünün sahibi olan lider dövlət kimi qəbul edilir. İstər regional nəqliyyat dəhlizləri, istərsə də enerji təhlükəsizliyi məsələlərində nümayiş etdirilən həmrəylik hər iki dövlətin milli maraqlarına xidmət etməklə yanaşı, ümumi sabitliyə də mühüm töhfə verir.

İqtisadi əməkdaşlıq müstəvisində əldə olunan ən əhəmiyyətli nəticələrdən biri Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması barədə qəbul edilən qərardır. Bu addım Fondun fəaliyyətinin real iqtisadi məzmunla zənginləşdiyini və Qırğızıstanda həyata keçirilən layihələrin miqyasının genişləndiyini göstərir. Birgə istehsal sahələrinin yaradılması, yeni iş yerlərinin açılması və iqtisadi potensialın möhkəmləndirilməsi bu investisiyaların praktik nəticələridir.

İqtisadi və investisiya tərəfdaşlığının mədəni və turizm sahələrindəki təntənəli təzahürü isə İssık-Kul gölünün sahilində ucalır. Azərbaycan dövlətinin vəsaiti ilə inşa edilən və ölkəmizin paytaxtının adını daşıyan "Bakı" beşulduzlu hotel-resort kompleksi bu əlaqələrin rəmzinə çevrilib. Bu nəhəng infrastruktur layihəsinin açılışı hər iki xalqın bir-birinə yaxınlaşmasını, turizm potensialının qarşılıqlı şəkildə inkişafını və iqtisadi inteqrasiyanın real bəhrələrini nümayiş etdirir.

Nəticə etibarilə, Azərbaycan-Qırğızıstan strateji müttəfiqliyi təkcə iki ölkənin rifahına deyil, həm də Türk dövlətləri arasındakı bağların qlobal miqyasda daha sarsılmaz geosiyasi və iqtisadi güc mərkəzinə çevrilməsinə xidmət edir.

Paylaş