3 oktyabr 1993-cü il tarixi milli dövlətçilik tariximizin dönüş nöqtəsidir

   3 oktyabr 1993-cü il tarixi milli dövlətçilik tariximizin dönüş nöqtəsidir
Sevinc Hacızadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 140 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

3 oktyabr 1993-cü il Azərbaycan xalqının taleyində mühüm siyasi hadisənin baş verdiyi tarix kimi yaddaşımıza həkk olunub. Həmin gün xalqımız Ümummilli Lider Heydər Əliyevə böyük etimad göstərərək onu Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu seçim müstəqilliyimizin ilk illərində ölkənin üzləşdiyi mürəkkəb siyasi və sosial proseslər fonunda dövlətçilik iradəsinin ifadəsi idi.

1990-cı illərin əvvəllərində Azərbaycan ciddi sınaqlarla qarşı-qarşıya idi. Dövlət müstəqilliyinin əldə olunması ilə yanaşı, ölkənin qarşısında milli dövlətçiliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması, iqtisadi çətinliklərin aradan qaldırılması və ərazi bütövlüyünün qorunması kimi mühüm vəzifələr dayanırdı. Belə bir şəraitdə siyasi idarəçilikdə ardıcıllıq, dövlət institutlarının gücləndirilməsi və xalqın gələcəyə inamının bərpası xüsusi əhəmiyyət daşıyırdı.

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyi üçün yeni mərhələnin başlanğıcı oldu. Ümummilli Liderin siyasi iradəsi və dövlət idarəçiliyi təcrübəsi ölkədə sabitliyin bərqərar olunmasına, dövlət institutlarının fəaliyyətinin möhkəmləndirilməsinə və milli maraqların siyasi kursun əsasına çevrilməsinə imkan verdi. Dövlətçilik düşüncəsinin cəmiyyətin bütün təbəqələrində möhkəmləndirilməsi də həmin dövrün mühüm nəticələrindən biri oldu.

Heydər Əliyevin irəli sürdüyü dövlətçilik konsepsiyasının əsasını Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin edilməsi təşkil edirdi. Ümummilli Lider müxtəlif çıxışlarında Azərbaycan xalqının öz taleyinin sahibi olduğunu, dövlət müstəqilliyinin qorunmasının hər bir vətəndaş üçün ali vəzifə daşıdığını xüsusi vurğulayırdı. Bu siyasi baxış sonrakı illərdə Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevrildi.

1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlət quruculuğunun hüquqi əsaslarını daha da möhkəmləndirdi. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın müstəqil dövlət kimi siyasi sisteminin formalaşmasına mühüm təsir göstərdi. Hüquq və azadlıqların təmin olunması, qanunun aliliyinin möhkəmləndirilməsi və dövlət idarəçiliyinin təkmilləşdirilməsi bu prosesin mühüm istiqamətlərini təşkil etdi.

Beləliklə, 3 oktyabr 1993-cü il president seçkiləri təkcə bir şəxsiyyətin prezident seçilməsi deyil, bütövlükdə Azərbaycanın milli dövlətçilik ideyasının xilas olduğu gün kimi tarixə düşdü. Heydər Əliyevin rəhbərliyi ilə atılan addımlar ölkəni daxili sarsıntılardan qoruyaraq, onu beynəlxalq arenada etibarlı tərəfdaşa və dinamik inkişaf edən müstəqil bir dövlətə çevirdi. Bu gün Azərbaycanın qazandığı bütün uğurların, ərazi bütövlüyünün bərpasının və güclü dövlət modelinin təməlində məhz həmin gün xalqın nümayiş etdirdiyi böyük etimad və müdrik siyasi seçim dayanır.

 

 

Paylaş