26 Avqust – Laçın Şəhəri Günü: Zəfərin və Yenidənqurmanın Təntənəsi

Svetlana Əliyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 89 nömrəli tam orta məktəbin direktor müavini
26 avqust – Laçın Şəhəri Günü xalqımızın yaddaşında zəfərin, azadlığın və quruculuğun təntənəsi kimi əbədi yaşayacaq. Tarix boyu strateji mövqeyi və təbii gözəllikləri ilə seçilən Laçın 1992-ci ildə düşmən işğalına məruz qalsa da, Müzəffər Ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində öz doğma sahiblərinə qovuşdu. Bu gün Laçın torpağı yalnız işğaldan azad olunmuş bölgə deyil, həm də Azərbaycanın gücünü, inkişafını və iradəsini əks etdirən parlaq bir nümunədir.
Prezident İlham Əliyevin “Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” sözləri artıq Laçında gerçəyə çevrilir. Şəhərdə və kəndlərdə yüzlərlə ev, məktəblər, sosial obyektlər tikilib, yeni sənaye müəssisələri yaradılıb, yollar, elektrik stansiyaları, hava limanı və digər infrastruktur sürətlə inşa edilir. Laçının iqtisadiyyatı canlanır, kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq inkişaf etdirilir, turizm potensialı isə böyük gələcək vəd edir.
2023-cü ildən etibarən laçınlıların doğma yurdlarına qayıdışı başlayıb və bu gün artıq ailələr öz evlərində yeni həyata qədəm qoyublar. Laçın təkcə Azərbaycanın deyil, regionun da mədəniyyət mərkəzinə çevrilir. “MDB-nin Mədəniyyət Paytaxtı” statusu, açılışı həyata keçirilən istirahət kompleksləri, yaradıcılıq studiyaları və beynəlxalq tədbirlər bölgənin yeni simasını formalaşdırır.
26 avqustun hər il “Laçın Şəhəri Günü” kimi qeyd olunması isə bu torpağın azadlıq və yenidənqurma yolunda qazandığı qələbələrin rəmzidir. Bu günün bayram ab-havası həm laçınlıların, həm də bütün xalqımızın qəlbində qürur hissi doğurur. Laçın Azərbaycanın gücünün, tarixi ədalətin bərpasının və xalqımızın iradəsinin ən parlaq təcəssümüdür.