Zəfərin Və Memarlığın Kəsişdiyi Ünvan: Füzuli

Zəfərin Və Memarlığın Kəsişdiyi Ünvan: Füzuli
Nuranə Yəhyayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 285 nömrəli tam orta məktəbin direktoru

Azərbaycan təqvimində elə günlər var ki, onlar sadəcə qırmızı rənglə işarələnmiş tarixi rəqəmlər deyil. O günlər bütöv bir xalqın sınmış qürurunun bərpası, onilliklər boyu yığılan nisgilin zəfər hayqırtısına çevrilməsi və ən əsası, gələcəyə açılan ağ bir səhifədir. 17 oktyabr – Füzuli Şəhəri Günü məhz belə bir milli yaddaşın, dirçəlişin və böyük qayıdışın simvoludur.

Uzun illər boyu Füzuli bizim üçün sadəcə xəritədə qalan, həsrətlə anılan, işğal altında sızıldayan bir coğrafiya idi. Amma füzulililərin içindəki o doğma yurd sevgisi, evlərindən didərgin düşən insanların qəlbindəki ümid elə bir mənəvi gücə çevrildi ki, 2020-ci ilin payızında rəşadətli ordumuzun qəhrəmanlığı ilə həmin ümidlər reallığa çevrildi. Füzulinin azad edilməsi təkcə hərbi strateji uğur deyil, həm də sarsılmaz milli iradənin və tarixi ədalətin təntənəsi idi. Şəhidlərimizin qanı, qazilərimizin canı baha-başa gələn bu azadlıq, bu gün gələcək nəsillərə ötürəcəyimiz ən böyük mirasdır.

Lakin Füzulinin dastanı yalnız müharibə meydanında bitmədi. Əksinə, azadlığın ertəsi günündən etibarən bu qədim yurd yerində tamamilə yeni, dinc və möhtəşəm bir mübarizə – quruculuq mübarizəsi başladı. Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgədə atılan hər bir addım Füzulinin küllərindən yenidən doğulmasının sübutudur. Şuşaya aparan Zəfər yolunun təməlinin atılması, cəmi bir neçə aya ərsəyə gələn Qarabağın "hava qapısı" – Füzuli Beynəlxalq Hava Limanı, Horadiz-Ağbənd və Ağdam-Füzuli magistralları bu torpağın gələcək iqtisadi-strateji gücünün carçısıdır.

Bu gün Füzuliyə baxanda sadəcə tikilən binaları, çəkilən yolları görmürük. Biz orada canlanan həyatı, qayıdan ruhu görürük. Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin zəngi, Qazaxıstanın dəstəyi ilə açılan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində uşaqların gülüşü Füzulinin artıq bir dünya mərkəzinə çevrildiyinin rəmzidir. Özbəkistan, Qazaxıstan və Qırğızıstan dövlət başçılarının bu torpaqlara etdiyi səfərlər də təsdiqləyir ki, Füzulinin dirçəlişi beynəlxalq səviyyədə heyranlıqla izlənilən bir uğur hekayəsidir.

"Böyük Qayıdış" proqramı çərçivəsində reallaşan "ağıllı kənd" layihələri, müasir yaşayış kompleksləri, təzəcə istifadəyə verilmiş Köndələnçay su anbarı, Cuvarlı, Qoçəhmədli, Qarğabazar kimi kəndlərin modern siması füzulililərin öz ata-baba yurdlarında daha rahat, təhlükəsiz və firavan yaşaması üçün qurulur.

Füzuli bu gün yalnız azadlığın ünvanı deyil. Füzuli – Azərbaycanın memarlıq zövqünün, sarsılmaz birliyinin və gələcəyə olan sarsılmaz inamının canlı abidəsidir. Küçələrindən uşaq səsləri ucalan, tarlalarında yenidən bərəkət qaynayan Füzuli bizə hər saniyə xatırladır: Biz qayıtmışıq və burada əbədi yaşayacağıq!

 

Paylaş