Yaralı əsgərlər ilə görüşü zamanı Müzəffər Ali Baş Komandanın onların çəkdiyi can acılarını öz canında necə yaşadığının şahidi olduq
Arzu Məmmədli
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Azərbaycan xalqı 2003-cü ildə İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. O kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Xalqın iradəsi yerli və xarici ekspertlərin də diqqətini cəlb etdi. Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, Fransa və digər ölkələr İlham Əliyevin növbəti dəfə Prezident seçilməsini çox uğurlu addım kimi qiymətləndirdilər və onunla rasional əməkdaşlığa hazır olduqlarını bəyan etdilər. Zəngin və qüdrətli Azərbaycan uğrunda çağırışı ilə milyonları öz ətrafında toplayan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində tezliklə Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilməyə başladı.
2008 - ci il, 2013-cü il və 2018-ci illərdə keçirilən prezident seçkilərində xalq öz seçimini etmək üçün kütləvi şəkildə yenidən məntəqələrə axın etdi. Vətəndaşların səsvermədəki fəallığı seçkiləri müşahidə edən xarici ekspertlərin diqqətindən yayınmadı. Müşahidəçilərin hamısı bu amili yüksək qiymətləndirərək İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizdə demokratik proseslərin geniş vüsət aldığını və bu dəfəki prezident seçkilərinin də demokratiyanın inkişafı istiqamətində mühüm addım olduğunu bildirdilər. Seçkilərin hər birində Cənab Prezident İlham Əliyev qalib gəldi.
Bu dövrdə Azərbaycanın iqtisadi uğurları daha da artdı, iqtisadi nailiyyətləri ilə hər zaman diqqət mərkəzində olan ölkəmizin valyuta ehtiyatları, o cümlədən Azərbaycana qoyulan sərmayələrin həcmi böyüdü, güclü sahibkarlıq sinfi yarandı. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən üç dövlət proqramı sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri üzrə konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü, Azərbaycanda yeni iş yerləri yaradıldı.
Ötən dövr Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə edilməsi, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşahidə olundu. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayandı.
Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət etdi. Prezidentimizin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Prezidentimizin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, keçmiş Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Bununla belə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistanın apardığı etnik təmizləmə və işğal siyasəti nəticəsində doğma torpaqlarından qovulan bir milyon insanın həyat şəraitinin yaxşılaşdırılması, yeni qəsəbələrin salınması diqqətdə saxlanıldı.
Zaman keçdikcə Azərbaycan iqtisadi və siyasi mənada güclü dövlətlərdən birinə çevrildi. Bizə ordu gərək idi, hava kimi, su kimi! Hakimiyyətə gəldiyi vaxtdan bu məqamın vacibliyini dərk edən Prezident İlham Əliyev, Heydər Əliyevin ordu quruculuğunda qazandığı uğurları davam etdirdi. Tarixdə əbədi qalacaq 44 günlük Vətən Müharibəsi dövlətimizin və xalqımızın iftixar mənbəyinə çevrildi. Bundan sonra dünya ölkələri Azərbaycan xalqını daha yaxından tanıyacaq, onun qəhrəmanlığına, cəsurluğuna bir qarış torpağının işğalda qalmasına dözməyən, bu yolda canından keçməyə hazır olan vətənpərvər kimi qəbul edəcək.
Xalqımız 30 ildən bəri gözlədiyi tarixi qələbənin sevincini yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun işğala son qoyaraq, torpaqlarımızı azad etməsi qəlbimizi qürur hissi ilə doldurdu. Eyni zamanda, haqq-ədalət, ərazi bütövlüyümüz uğrunda , işğalçı siyasətə qarşı aparılan Vətən Müharibəsinin nəticəsi olan bu qələbə xalqımızı daha da bütövləşdirdi, mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi və bir yumruq kimi birləşdirdi. Vətən müharibəsində əldə edilən parlaq qələbədə informasiya mübarizəsinin də rolu böyükdür. Prezident İlham Əliyev dünyanın aparıcı informasiya agentliklərinə, televiziya kanallarına verdiyi çoxsaylı müsahibələrində suallara dəqiq, məntiqli, faktlara söykənən cavabları ilə Qarabağ münaqişəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdı. Bununla da düşmənin və havadarlarının ölkəmiz haqqında yaydığı qərəzli məlumatları təkzib etdi. Tanrı bizə İlham Əliyev kimi bir lideri, sərkərdəni, fatehi, nüfuzlu dövlət adamını, daha yaxından tanımaq imkanı verdi.
O insanlar qəhrəman olurlar ki, vaxtında düzgün və cəsarətli qərarlar qəbul edirlər. Prezident İlham Əliyevin qurduğu Azərbaycan ordusu ilə, rəşadətli Azərbaycan əsgər və zabitləri ilə Vətən müharibəsi tarixinə bir fateh kimi, Qarabağ Fatehi kimi öz adını yaza bildi. O, insanların qəlbində özünün Qarabağ boyda abidəsini ucaltmağı bacardı. Yaralı Azərbaycan əsgərləri ilə görüşü zamanı Müzəffər Ali-Baş Komandanın onların çəkdiyi can acılarını öz canında necə yaşadığının şahidi olduq. Əsgərlərin çəkdiyi ağrını, acını öz canında necə daşıdığını hiss etdik. Gördük ki, hər bir hər bir əsgərlə əsl döyüş yoldaşı, bir ata , qayğıkeş bir qardaş kimi davranan Prezidentimiz, Ali-Baş Komandanımız var. Əsgər hiss etdi ki, onun, hər bir dərdini etibar edə biləcəyi dağ qədər əzəmətli, olduqca səadaqətli bir dayağı var. Cənab Prezidentimizin təsis etdiyi Qələbə ordenləri Əsgərlərimizdə böyük ruh yüksəkliyi yaratdı.
Cənab Prezidentimiz İlham Əliyev müsahibələri zamanı Azərbaycan xalqının qəhrəmanlığını dilə gətirdi. Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib, bizim şəhərlərimizi ballistik raketlərlə, fosforlu bombalarla, kasetli bombalarla atəşə tutub. Bu namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb, ya da ki o evlərə ziyan vurulub. Ancaq Azərbaycan vətəndaşı öz torpağından bir addım geri atmayıb. Bu Zəfər idi. Tarixin, ədalətin, mədəniyyətin, Azərbaycan xalqının və onun müzəffər Ali Baş Komandanının Zəfəri.
Bəli, Azərbaycan üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Dövlətimizin başçısı əmindir ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə nümayiş etdirəcək.
Ordumuz döyüş meydanında, xalqımız isə arxa cəbhədə böyük məsuliyyətlə əsl vətəndaş birliyi, həmrəylik göstərdi. Bütöv Azərbaycan naminə Qarabağın işğaldan azad edilməsi məqsədinə nail olmaq üçün hər bir Azərbaycan vətəndaşının Vətənin müdafiəsinə qalxmaq, Qarabağa aparan yolda bütöv hərəkatın tərkib hissəsi olmağını görmək çox qürurvericidir. Çoxdandır gözlədiyimiz Azərbaycanın ərazi bütövlüyünü görmək bizə nəsib oldu. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Gün gələcək, Azərbaycan dünyaya Günəş kimi doğacaq!” O Günəş dünyaya 10 noyabr 2020-ci ildə Prezident cənab İlham Əliyevin sayəsində doğdu!