YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Hacıyev Sayad Azad oğlunun ailəsini ziyarət etmişlər
Azərbaycan öz tarixi torpaqlarını canlarını vətən uğrunda qurban verən igid oğulları sayəsində düşmən tapdağından azad etmişdir. Canlarını, sağlamlıqlarını vətənin bütövlüyü uğrunda qurban verən vətənpərvərlərin əmanətləri olan ailələri unudulmur və onlar istər dövlət orqanları, istərsə də cəmiyyətimiz tərəfindən ali diqqət, sevgi və qayğı ilə əhatələnirlər.
Suraxanı rayonu 316 nömrəli tam orta məktəbin məzunu olmuş və cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş əsgər Hacıyev Sayad Azad oğlunun ailəsini Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri cənab Vüqar Seyidov və rayon təşkilatının nümayəndələri ziyarət edərək, şəhid ailəsinin qayğıları ilə maraqlanmışlar. Vətən Müharibəsində Suqovuşanın azad olunması uğrunda döyüşlərdə şəhadətə ucalmış Sayad Hacıyev dünyaya göz açdığı Zaqatala rayonunun Bazar kəndində torpağa tapşırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Möhtərəm İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın sosial yönümlü, vətəndaş mərkəzli siyasətindən söz açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirmişdir ki, istər Vətən müharibəsi ərəfəsində, istərsə də post-müharibə dövründə xalqımız bir amal uğrunda, öz rəhbərinin ətrafında monolit şəkildə birləşməyi bacarmışdır. Vüqar Seyidov əlavə etmişdir ki, şəhidlərimiz vətən torpağına, ailələri isə bizlərə əmanətdir.
Sonda şəhidin ailəsi dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və şəhid ailələrinə göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.