YAP Suraxanı rayon təşkilatı şəhid Azər Qasımovun övladının doğum gününü təbrik edib
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilat nümayəndələri şəhid Azər Qasımovun ailəsini ziyarət ediblər. Yerli təşkilatın sədri Vüqar Seyidov çoxminli partiya üzvləri adından şəhidin 6 yaşı tamam olan qızı Gülayı doğum günü münasibətilə təbrik edərək ona hədiyyələr təqdim edib.
Ailənin qayğıları ilə maraqlanan təşkilat sədri söhbət zamanı şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərini xatırladıb. O, torpaqlarımızın azadlığı uğrunda canından keçən hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulayıb, qəhrəmanlarımıza Allahdan rəhmət diləyib.
Görüşdə, həmçinin Yeni Azərbaycan Partiyasının 30 saylı Suraxanı Birinci Seçki Dairəsindən seçilən deputatı Sevinc Fətəliyevanın köməkçisi Eldar Qurbanov da iştirak edib. O, Milli Məclisin üzvü adından şəhid qızına hədiyyə təqdim edərək millət vəkilinin xoş arzularını çatdırıb.
Ailəni ziyarət əsnasında, YAP Suraxanı rayon təşkilatı sədri Vüqar Seyidov İnsult keçirən Şəhidin qaynatasının səhhəti ilə maraqlanıb. Məlumat üçün qeyd edək ki, şəhidin qaynatası İlyas Kərəm oğlu Kərimov bir müddət əvvəl qəfil beyin qan dövranının pozulması (insult) nəticəsində həyati təhlükəli vəziyyətə düşüb. Həkimlərin vaxtında, dəqiq və operativ tibbi müdaxiləsi sayəsində onun həyatını xilas etmək mümkün olub. Şəhidin qaynatası İlyas Kərimovun səhhəti ilə maraqlanan YAP Suraxanı rayon təşkilatı sədri Vüqar Seyidov, xəstənin vəziyyətini diqqətdə saxlayacaqlarını bildirib.
Şəhid Azər Qasımovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.