Xalqı birləşdirən Zəfər paradı

Xalqı birləşdirən Zəfər paradı

Arifə Məhərrəmova

 YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 258 saylı uşaq bağçası və körpələr evinin müdiri

Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər paradından qeyd etmişdi: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.

Şuşa şəhəri işğaldan azad olunduqdan sonra orada sancılan Zəfər bayrağı dekabrın 10-da Parada gətirilərək Azərbaycanın İkinci Qarabağ Müharibəsində şanlı qələbəsinin əsas simvolu kimi qürurla nümayiş olunmuşdur. Azərbaycan xalqının hərb tarixinə qızıl hərflərlə yazılmış bu möhtəşəm Zəfər ölkə vətəndaşlarının yaddaşına əbədi həkk olundu.

Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Azadlıq Meydanında keçirilmiş Zəfər paradında üç mindən çox Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusların nümayəndələri də iştirak edirdilər. Qardaşlığın Zəfəri kimi iki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj oldu.  Zəfər paradının keçirildiyi gün ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürüdür.  Vətən müharibsəində əldə etdiyimiz parlaq qələbə təkcə bizim deyil, qardaş və dost Türkiyənin də qələbəsidir. Türkiyə hərbçilərinin paraddakı keçidi həm də düşmənə verilən növbəti mesaj oldu. Eyni zamanda bütün dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə bundan sonra da bütün məsələlərdə bir-birinin yanında olacaqlar. Qardaş Türkiyə hərbçilərinin paraddan keçidi coşqu ilə qarşılandı və bütün xalqımızı dərindən qürurlandırdı.

Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilməsi dövlətimizin hərbi qüdrətinin nümayişi idi.  Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur. Zəfər paradında nümayiş etdirilən texnikalar Ordumuzun maddi-texniki bazasının zənginliyi dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğının nəticəsidir. Bu tarixi Zəfər bütün dünyaya təcavüzkar erməni əsgərinin haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədiyini göstərdi. 44 Günlük Vətən müharibəsində əldə olunmuş Möhtəşəm Qələbədə payı olan hər bir hərbçi  dövlət tərəfindən orden və medallarla mükafatlandırıldı. Həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür.

Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub. Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi dövlətimizin və xalqımızın əzmkarlığı nəticəsində Şanlı qələbəni, Vətən müharibəsinin gedişatını müasir təqdimat metodları ilə dünya ictimaiyyətinə çatdırılmasıdır.

Beləliklə Zəfər paradı Azərbaycan beynəlxalq hüquqa sadiq olduğunu nümayiş etdirərək ölkə suverenliyini gücləndirmək, müasir şaxələndirilmiş iqtisadiyyat qurmaq istiqamətində ulu öndər Heydər Əliyev ideyalarının, siyasətinin və həmin ideya, siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilərək inkişaf edilməsinin düzgün olduğunu bir daha göstərdi.

2020-ci ilin 10 noyabr birgə bəyanatına zidd olaraq Ermənistanın davam edən hərbi-siyasi təxribatlarına son qoyulması məqsədi ilə 2023-cü il sentyabrın 19-20-də müzəffər Ali Baş Komandan İlham Əliyevin məharətli rəhbərliyi ilə Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu. Beləliklə, aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı.

Ən nəhayət cari ilin oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması və Prezident İlham Əliyevin Xankəndi şəhərindən xalqımıza müraciəti ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılandı. Beləliklə, 15 oktyabr tarixi təqvim günü siyasi iradənin növbəti təntənəsi kimi də Şanlı tariximizə yazıldı. Prezident, Müzəffər Ali Baş komandan İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha parlaq şəkildə nümayiş etdirdi. 15 okyabr tarixi bir daha dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi.

Tarixi Zəfərimzin üçüncü il dönümü ilə əlaqədar olaraq Xankəndi şəhərində təntənəli hərbi paradın keçirilməsi tarixi qələbəmizin reallığını əyani şəkildə təsdiqlədi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi paradda qalib sərkərdə, qətiyyətli, cəsarətli, uzaqgörən dünya siyasətçisi və dövlət başçısı olduğunu bir daha dünyaya göstərdi.  Hərbi paradda Azərbaycan Respublikasının Dövlət Bayrağını və Şuşa şəhərinə sancılan – Qələbənin rəmzinə çevrilən Zəfər Bayrağını, ardınca Azərbaycan Ordusunun və qoşun növlərinin, lokal xarakterli antiterror tədbirlərində iştirak etmiş hərbi birləşmələrin döyüş bayraqlarının Xankəndi şəhərinin mərkəzi meydanına gətirilməsi Azərbaycan xalqını sevinc göz yaşlarına boğdu. Parad heyətlərinin keçidindən sonra lokal xarakterli antiterror əməliyyatında düşmənin ələ keçirilmiş hərbi texnikaları qoşqular üzərində Xankəndi şəhəri mərkəzi meydana gətirilməsi düşmənə böyük göz dağı oldu.