YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 65 nömrəli tam orta məktəbin direktoru
Fevralın 14-də Azərbaycan xalqı daha bir tarixi gün yaşadı. Bir həftə bundan əvvəl baş tutan Prezident seçkilərinin nəticəsi Konstitusiya Məhkəməsi tərəfindən rəsmən təsdiq edildikdən sonra xalqın etimadını bir daha qazanaraq, 92,05 faiz səs çoxluğu ilə dövlət başçısı seçilən cənab İlham Əliyev Milli Məclisdə and içərək beşinci dəfə Preizdent vəzifəsinin icrasına başladı. Milli Məclisdə and içən cənab İlham Əliyev xalqın etimadını yüksək dəyərləndirərək bildirdi: “2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik.”
Ulu Öndər Heydər Əliyev hələ 2003-cü ilin oktyabr ayının ortalarında xalqa müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Zaman Heydər Əliyevin uzaqgörənliyini, dahiliyini və müdrikliyini bir daha təsdiq etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ən vacib və taleyüklü məsələni həll etdi - Vətən torpaqları düşmən tapdağından azad olundu, Ermənistanın işğalına son qoyuldu!
Qeyd edək ki, 2003–2023-cü illər ölkəmizin çoxəsrlik dövlətçilik tarixinə möhtəşəm 20 il kimi daxil olub. Hətta son 20 il tariximizdə o qədər əlamətdar bir tarix olub ki, bu dövrdə ölkəmiz əgər belə demək mümkünsə, əsrlərə bərabər yol qət edib. Bu yolun rəhbəri də məhz cənab Prezident İlham Əliyev oldu. 20 ilin ən möhtəşəm və yaddaqalan, daha doğrusu tariximizə qızıl hərflərlə yazılan hadisəsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası oldu. Ölkə başçısı söylədiyi nitqində bu məsələyə toxunaraq qeyd etdi ki, “Verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi. O vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə bax bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. O gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək, Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik.”
Bu gün valyuta ehtiyatları artıq 69,5 milyard dolları ötən Azərbaycan regionun mühüm iqtisadi güc mərkəzidir və müstəqil dövlətçiliyimiz özünün çoxəsrlik tarixinin ən sürətli inkişaf və yüksəliş dövrünü yaşayır. 44 günlük Vətən müharibəsinin yekunu ölkəmizin iqtisadi, siyasi və hərbi cəhətdən regionda lider, dünya miqyasında böyük nüfuz qazanmış, qətiyyətli mövqeyi olan qüdrətli dövlət olduğunu bir daha təsdiq etmişdir. Həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları sayəsində bütün parametrlər üzrə özünün böyük resurs üstünlüyünü yaratmış Azərbaycan geosiyasi prosesləri öz xeyrinə dəyişməklə yanaşı, regionun iqtisadi coğrafiyasını yeni formata salmışdır.
Bir sözlə, cənab İlham Əliyev 20 il ərzində xalqa verdiyi bütün vədləri yerinə yetirmiş, doğma Azərbaycanı regionun ən qüdrətli dövlətinə çevirmişdir. Məhz buna görə də xalqımız növbəti seçkilərdə yeni dövrü də İlham Əliyevin rəhbərliyi ilə yaşamaq istəyini ifadə edərək ona yenidən mandat vermişdir. Bütün qələbələri xalqın qələbəsi adlandıran cənab İlham Əliyev bundan sonra da xalqa ləyaqətlə xidmət edəcəyinə and içərək yeni dövrdə dövlətin və xalqın qarşısında duran prioritetləri elan etmişdir. Ölkə başçısı qeyd etmişdir ki, ilk növbədə iqtisadiyyat və ordu gücləndirilməli, vətəndaş cəmiyyətinin inkişafına nail olunmalıdır. Çünki hələ də revanşist qüvvələr mövcuddur, sülh müqaviləsinin imzalanmasına maneələr vardır. Xarici təhdidlərə qarşı mübarizədə daxili birliyin, xalq-iqtidar birliyinin mühüm amil olduğuna diqqət çəkən cənab Prezident müharibədə qələbənin də bu amillə sıx bağlı olduğunu bildirmişdir.
Qarabağın və Şərqi Zəngəzurun bərpasını önəmli vəzifə adlandıran ölkə başçısı bu xüsusda görülən işlərin bundan sonra da davam etdiriləcəyini, sərhədlərimizin, təhlükəsizliyimizin daha da möhkəmləndirilməsinin zəriuriliyini, ordumuzun yüksək döyüş hazırlığına malik olmasını qeyd edərək xalqla hakimiyyətin birliyi sayəsində bunun mümkün olacağını bildirmişdir.
Azərbaycançılıq ideologiyasına sədaqətin də mühüm amil olduğunu bildirən ölkə başçısı gənc nəslin milli dəyərlər, Vətənə sevgi və sədaqət ruhunda tərbiyəsinə diqqət yetirməyin vacibliyini vurğulamışdır: “Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır.” Cənab Prezident bundan sonra da bütün fəaliyyətində milli dəyərlərin inkişafına xüsusi önəm verəcəyini, xalqın rifahı naminə bütün resursların və potensialın səfərbər ediləcəyini qeyd edərək enerji sahəsində də həyata keçirilən layihələrin genişləndiriləcəyini bildirmişdir.
Son olaraq qeyd etmək lazımdır ki, bir xalqın və dövlətin inkişafı ilk növbədə birlikdən, sabitlikdən, dəyərlərə sahiblikdən keçir. Bu amillərin yüksək səviyyədə təmin edilməsinə nail olan ölkə başçısına yeni dövrdə uğurlar diləyir və inanırıq ki bütün mübarizəmizin əsas hədəfi xalqa və dövlətə xidmət olacaqdır.