Vahid Türk Dünyası İdeyası: Azərbaycan–Qırğızıstan Münasibətlərində Yeni Era- Çolpon-Ata Zirvəsi

Vahid Türk Dünyası İdeyası: Azərbaycan–Qırğızıstan Münasibətlərində Yeni Era- Çolpon-Ata Zirvəsi

Könül Seyidova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

ARTİ-nin aparıcı metodisti, 104 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi

Müasir beynəlxalq münasibətlər sistemində regional güc mərkəzlərinin formalaşması və coğrafi baxımdan yaxın olan dövlətlərin strateji ittifaqlarda birləşməsi qlobal təhlükəsizliyin əsas şərtlərindən birinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, milli maraqlara söykənən və çoxvektorlu xarici siyasət kursunda Türk dünyası, xüsusilə də Mərkəzi Asiya regionu ilə əlaqələr prioritet istiqamət təşkil edir. Bu kontekstdə, tarixi köklərə, ortaq dil, mədəniyyət və dini dəyərlərə malik olan Azərbaycan ilə Qırğızıstan arasındakı münasibətlər son illərdə dinamik inkişaf yolu keçərək keyfiyyətcə tamamilə yeni – strateji müttəfiqlik mərhələsinə qədəm qoymuşdur.

Azərbaycan və Qırğızıstan arasında diplomatik münasibətlərin əsası 1993-cü ildə qoyulmuşdur. Ötən dövr ərzində formalaşan qarşılıqlı etimad mühiti xarici siyasət idarələrinin sistemli fəaliyyəti sayəsində daha da dərinləşmiş, 2007-ci ildə Azərbaycanın Qırğız Respublikasında səfirliyinin fəaliyyətə başlaması ilə münasibətlərin institusional bazası gücləndirilmişdir. Dövlət başçılarının qarşılıqlı səfərləri və siyasi iradəsi sayəsində iki ölkə arasında formalaşan etimad həm ikitərəfli formatda, həm də Türk Dövlətləri Təşkilatı (TDT), BMT, İƏT və MDB kimi beynəlxalq platformalar çərçivəsində sıx koordinasiyaya şərait yaratmışdır.

Prezident İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov arasında keçirilən təkbətək görüş, həmçinin Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şurasının III iclası siyasi dialoqun ən yüksək həddə çatdığının göstəricisidir. Dövlət başçılarının bəyanatlarında qeyd olunduğu kimi, münasibətlər artıq sadəcə tərəfdaşlıq deyil, regional təhlükəsizlik və qarşılıqlı dəstəyi ehtiva edən strateji müttəfiqlik müstəvisindədir. Prezident İlham Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatı – I dərəcəli “Manas” ordeni ilə təltif edilməsi Azərbaycan liderinə və Azərbaycan xalqına göstərilən dərin hörmətin, qardaşlığın rəmzi təzahürüdür.

Səfərin ən mühüm praktik nəticələrindən biri iki ölkə arasındakı hüquqi-iqtisadi bazanın genişləndirilməsi oldu. İmzalanan sənədlər paketi hər iki dövlətin iqtisadi potensialının sinerjisini təmin etməyə yönəlmişdir. İnvestisiya Fondunun fəaliyyətinin genişləndirilməsinə dair Əlavə Saziş layihələrin aktivləşməsinə, birgə müəssisələrin yaradılmasına və ticarət dövriyyəsinin artırılmasına birbaşa təkan verir.

Beynəlxalq avtomobil daşımaları, yükdaşımaları, gəmiçilik və gəmiqayırma sahələrində imzalanan əməkdaşlıq sənədləri hər iki ölkənin tranzit potensialını maksimallaşdırır. Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən bu nəqliyyat arteriyası qlobal tədarük zəncirindəki qeyri-sabitlik fonunda ən təhlükəsiz və qısa yol kimi çıxış edir. Yeni müqavilələr Qırğızıstanın bu dəhliz vasitəsilə Xəzər dənizinə və Avropa bazarlarına çıxışını asanlaşdırır.

Səfər çərçivəsində Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi Məşvərət Görüşü regionun gələcək inteqrasiya modelini formalaşdırdı. Çolpon-Ata Bəyannaməsi regional əməkdaşlığın prinsiplərini, enerji təhlükəsizliyi sahəsində ortaq fəaliyyəti və Türk Dövlətləri Təşkilatı daxilində koordinasiyanı gücləndirən siyasi iradə sənədidir. Prezident İlham Əliyevin Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə regional idman-istirahət infrastrukturunun açılışında iştirakı rəsmi protokollardan kənar, səmimi və etimada əsaslanan şəxsi münasibətlərin – "yumşaq güc" diplomatiyasının bariz nümunəsidir.

Aydın, ziyalı bir Azərbaycan-Türk qadını, dövlətçilik prinsiplərini və milli maraqları ailəsindən ən dəyərli miras alan bir müəllim kimi xüsusi vurğulamaq istərdim ki, Azərbaycan Prezidenti, şərəflə üzvü olduğum və əqidəmin işıqlı ifadəsi olan Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Qırğızıstana dövlət səfəri, Çolpon-Ata sammitindəki fəal iştirakı və məzmunlu çıxışı rəsmi Bakının xarici siyasətində Mərkəzi Asiya regionunun strateji əhəmiyyətini bir daha təsdiqləyir. İmzalanan sazişlər, qəbul olunan tarixi bəyannamə və əldə edilən yüksək siyasi razılıqlar təkcə Azərbaycan–Qırğızıstan münasibətlərini gücləndirmir, həm də ümumtürk coğrafiyasının iqtisadi, logistik və siyasi baxımdan monolit bir güc mərkəzi kimi çıxış etməsinə mühüm töhfə verir.

Paylaş