Ulu Öndərin ordu quruculuğu siyasəti Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək zirvəyə çatdırıldı

Ulu Öndərin ordu quruculuğu siyasəti  Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək zirvəyə çatdırıldı

Ənvər Haqverdiyev 

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində 26 İyun – Silahlı Qüvvələr Günü sadəcə bir təqvim bayramı deyil. Bu gün milli rəşadətin, sarsılmaz iradənin və ən əsası, dövlət, xalq və ordunun vahid bir yumruq kimi birləşməsinin simvoludur. Bu gün biz döyüş meydanında "erməni mifini" və onilliklərlə qurulmuş uydurmaları məhv etmiş, düşməni diz çökdürmüş müzəffər bir xalqın nümayəndələri olaraq bu bayramı qeyd edirik. Prezident cənab İlham Əliyevin ifadə etdiyi kimi: "Biz bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq, güclü dövlət, yenilməz ordu və güclü iradə sahibi kimi".

Bu gün qürurla bəhs etdiyimiz qüdrətli ordunun təməlləri bundan bir əsrdən biraz əvvəl, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. 1918-ci il iyunun 26-da Nazirlər Şurasının qərarı ilə Gəncədə ilk müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu qərar şərqin ilk demokratik respublikasının öz müstəqilliyini qorumaq üçün atdığı ən cəsur və strateji addım idi. Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski kimi dahi generallarımızın rəhbərliyi ilə formalaşan o ordu xalqımızın milli mənliyini və müstəqillik iradəsini dünyaya nümayiş etdirdi. 1918-ci ildə əsası qoyulan bu ənənə, bu gün müasir və yenilməz Azərbaycan Ordusunun mənəvi sütunudur.

Azərbaycan Xalq Cümhuriyyətininin süqutundan sonra ordumuzun parçalanmasına baxmayaraq, milli hərbi kadrların yetişdirilməsi ideyası unudulmadı. Ulu Öndər Heydər Əliyev hələ SSRİ dövründə — 1971-ci ildə böyük uzaqgörənliklə Cəmşid Naxçıvanski adına hərbi liseyi yaratmaqla gələcək müstəqil Azərbaycan ordusunun kadr potensialının təməlini qoydu. 1993-cü ildə Ümummilli Lider yenidən hakimiyyətə qayıtdıqdan sonra nizami ordu quruculuğu prosesinə start verdi. Dağınıq və pərakəndə hərbi hissələr ləğv edilərək vahid komandanlığa tabe olan professional ordu formalaşdırıldı. Ulu Öndərin 22 may 1998-ci il tarixli fərmanı ilə məhz 26 İyun tarixi Silahlı Qüvvələr Günü elan olundu və bu addım tarixi varisliyin bərpası baxımından müstəsna əhəmiyyət kəsb etdi.

Ulu Öndərin ordu quruculuğu siyasəti rəşadətli Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ən yüksək zirvəyə çatdırıldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz ən müasir texnologiyalar və silahlarla təchiz olundu, sarsılmaz döyüş ruhu ilə formalaşdı. Məhz bu uzaqgörən siyasətin və "Dəmir Yumruq" əməliyyatının nəticəsində 44 günlük Vətən Müharibəsi və antiterror tədbirləri ilə 30 illik işğala son qoyuldu, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundur. Ali Baş Komandanın hərbi və diplomatik dühası Azərbaycan Ordusunun qəhrəmanlığı ilə birləşərək xalqımızın tarixinə qızıl hərflərlə yazılan Şanlı Zəfəri bəxş etdi. Bu zəfər İlham Əliyevin liderliyi ilə Azərbaycanın regionda və dünyada yaratdığı yeni reallığın, sarsılmaz xalq-ordu birliyinin ən möhtəşəm təntənəsidir.

Bu tarixi gün münasibətilə Vətən torpaqlarının azadlığı və bütövlüyü uğrunda canından keçən, bizə bu qüruru yaşadan bütün şəhidlərimizi dərin ehtiram və rəhmətlə anırıq. Onların qanı ilə yazılan dastan gələcək nəsillər üçün and yeridir. Müqəddəs vəzifəni şərəflə yerinə yetirən Silahlı Qüvvələrimizin hər bir zabitini, gizirini, çavuşunu və əsgərini bu əziz bayram münasibətilə ürəkdən təbrik edir, onlara çətin və şərəfli xidmətlərində yeni zəfərlər arzulayırıq!