Təhsil müəssisələrinin əsas vəzifələrindən biri şagirdlərin vətənpərvər ruhda, orduya rəğbət hissi ilə tərbiyə olunmasıdır

Təhsil müəssisələrinin əsas vəzifələrindən biri şagirdlərin vətənpərvər ruhda, orduya rəğbət hissi ilə tərbiyə olunmasıdır
Mürsəl Kazımov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu, 65 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın həyatında mühüm yer tutan, dövlətimizin gücünü, qüdrətini və müstəqilliyini əks etdirən ən əlamətdar günlərdən biridir. Bu əziz gündə Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yoluna nəzər salır, Vətənimizin müdafiəsi naminə xidmət edən hərbi qulluqçularımıza dərin hörmət və ehtiramımızı ifadə edirik.

Azərbaycan milli ordusunun əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulmuşdur. Həmin dövrdə yaradılan ilk nizami hərbi hissələr sonrakı illərdə müasir Azərbaycan Ordusunun formalaşması üçün mühüm təməl rolunu oynamışdır. Müstəqilliyimizin bərpasından sonra isə ölkəmizdə güclü və peşəkar ordu quruculuğu istiqamətində mühüm işlər görülmüşdür. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmiş, Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirilmiş, hərbi intizam və peşəkarlıq səviyyəsi yüksəldilmişdir.

Bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu regionun ən güclü və müasir ordularından biri kimi tanınır. Ordumuz ən son hərbi texnologiyalarla təchiz olunmuş, peşəkar zabit və əsgər heyətinə malik olmaqla ölkəmizin təhlükəsizliyinin etibarlı təminatçısına çevrilmişdir. Azərbaycan əsgərinin yüksək döyüş ruhu, Vətən sevgisi və peşəkarlığı xalqımızın qürur mənbəyidir.

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirdi. Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında böyük qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi və tarixi Zəfər qazandı. Bu qələbə yalnız hərbi uğur deyil, eyni zamanda xalqımızın milli birliyinin, həmrəyliyinin və Vətən sevgisinin təntənəsi idi. Şəhidlərimizin müqəddəs qanı və qazilərimizin fədakarlığı hesabına əldə olunan bu Zəfər Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri kimi əbədi yaşayacaqdır.

Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayır. Onların qəhrəmanlığı gənc nəslə örnəkdir. Bu gün hər bir Azərbaycan vətəndaşı şəhid ailələrinə və qazilərimizə xüsusi hörmət və qayğı ilə yanaşır. Dövlətimizin həyata keçirdiyi sosial dəstək tədbirləri də bunun bariz nümunəsidir.

Təhsil müəssisələrinin əsas vəzifələrindən biri şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Məktəblərdə keçirilən tədbirlər, açıq dərslər, inşa və rəsm müsabiqələri, şəhid və qazilərlə görüşlər şagirdlərdə Vətənə bağlılıq hissinin formalaşmasına xidmət edir. Gənc nəsil Azərbaycanın tarixi, qəhrəmanları və dövlətçilik ənənələri haqqında dolğun biliklər əldə etməli, milli-mənəvi dəyərlərə sadiq vətəndaşlar kimi yetişməlidir.

Qəhrəman Qəhrəmanov adına 65 nömrəli tam orta məktəbin kollektivi də şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Məktəbimizdə milli bayram və anım günlərinə həsr olunmuş tədbirlər keçirilir, şagirdlərə Azərbaycan Ordusunun şərəfli tarixi haqqında geniş məlumat verilir. Məqsədimiz Vətənini sevən, dövlətinə bağlı, məsuliyyətli və savadlı gənclər yetişdirməkdir.

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün hərbi qulluqçularını, veteranlarını, qazilərini və ehtiyatda olan zabitlərini ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti və xidmətlərində yeni uğurlar arzulayırıq. Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik.

Qoy qüdrətli Azərbaycan Ordusu daim güclənsin, dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü əbədi olsun. Xalqımız sülh, əmin-amanlıq və tərəqqi şəraitində yaşasın.