Türk dünyasının gələcəyi baxımından sarsılmaz birlik və inteqrasiya həlledici amillərdir.
Sayad Xalıqova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 154 nömrəli tam orta ümumtəhsil məktəbinin əməkdaşı
Azərbaycanın İslam dünyası ilə əlaqələrinin inkişafında beynəlxalq humanitar platformaların xüsusi rolu var. Prezident İlham Əliyev gələcəkdə Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Görüşünün keçiriləcəyini bəyan edərək, ölkəmizin bu istiqamətdə qlobal tərəfdaşlığa verdiyi xüsusi əhəmiyyəti diqqətə çatdırıb. Dövlət başçısı, həmçinin layiq görüldüyü “Zayed İnsan Qardaşlığı Mükafatı”nın böyük mənəvi rəmzi daşıdığını qeyd edib. Müasir dünyada müxtəlif xalqların və dini icmaların dinc birgəyaşayışı üçün insan qardaşlığı, qarşılıqlı hörmət və sülh ideyaları mühüm əhəmiyyət kəsb edir.
İslam həmrəyliyi Azərbaycanın xarici siyasət xəttinin əsas prioritetlərindəndir. Prezident İlham Əliyev respublikamızın bu sahədəki fəal rolunu vurğulayaraq bildirib: “Biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək”. Bu strateji yanaşma İslam ölkələri arasında əməkdaşlığın yalnız siyasi və diplomatik müstəvidə deyil, həm də humanitar, mədəni və mənəvi sahələrdə dərinləşməsinə xidmət edir.
Türk dünyasının gələcəyi baxımından isə sarsılmaz birlik və inteqrasiya həlledici amillərdir. Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının toplantısı bu çoxtərəfli əməkdaşlığın dini və mənəvi sütununu təşkil edir. Dövlət başçısı çıxışında regional təhlükəsizliyin qorunmasının vacibliyinə toxunaraq xüsusi qeyd edib: “Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq və sülhü qorumaq üçün hər birimiz büyük səylər göstərməliyik”. Çünki davamlı sülhün təmin edilməsi təkcə dövlətlərin deyil, bütövlükdə cəmiyyətlərin və fərdlərin də üzərinə böyük məsuliyyət qoyur.
Uzunmüddətli hərbi münaqişənin başa çatması regionda tamamilə yeni geosiyasi reallıqlar və tərəfdaşlıq imkanları yaradıb. Bu reallığı ifadə edən Prezident İlham Əliyev “Bu gün sülh var və müharibə dayanıb” - deyərək, qarşılıqlı etimadın möhkəmləndirilməsinin, iqtisadi əlaqələrin genişləndirilməsinin və Cənubi Qafqazda sabitliyin qorunmasının əsas hədəf olduğunu diqqətə çatdırıb.
Azərbaycan xalqının keçmişdə üzləşdiyi tarixi ədalətsizliklərə və beynəlxalq birliyin ikili standartlarına da toxunan dövlət başçısı kədərli bir faktı xatırladıb: “Dünya 30 il ərzində Azərbaycan torpaqlarının işğalına göz yumub”. Buna baxmayaraq, Azərbaycan xalqı öz gücü ilə bu ədalətsizliyə son qoyub və beynəlxalq hüququn aliliyini təkbaşına bərpa edib. Postmünaqişə dövründə rəsmi Bakının əsas məqsədi regionda sülhü daimi etməkdir. Prezident bu qətiyyətli mövqeyi “Biz sülh gündəliyini seçdik” ifadəsi ilə bəyan edib və bu strateji seçimin tarixi əhəmiyyətinin artıq qlobal miqyasda aydın göründüyünü əlavə edib.
Beləliklə, Bakıda təşkil olunan Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının toplantısı və Seyid Yəhya Bakuviyə həsr edilmiş beynəlxalq konfrans sadəcə lokal tədbirlər deyil, ortaq mənəvi dəyərlərin, multikulturalizmin və qlobal təhlükəsizlik ideyalarının müzakirə olunduğu mühüm beynəlxalq platformalardır. Türk dünyası və İslam aləmi arasında əlaqələrin möhkəmləndirilməsi, islamofobiyaya və ayrı-seçkiliyə qarşı birgə mübarizə müasir dövrün ən aktual çağırışlarındandır. Azərbaycan liderinin də qeyd etdiyi kimi: “Bizim birliyimiz hər birimizi gücləndirəcək”. Bu formula regional sabitliyin, qarşılıqlı hörmətin və xalqların firavan gələcəyinin ən etibarlı təminatıdır.