TARİXİMİZİN MİLLİ QURTULUŞ SƏHİFƏSİ
Arzu Məmmədova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 226 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan xalqının taleyüklü hadisələrlə dolu olan dövlətçilik tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini elan etsə də mənfur ermənilər tarixi torpaqlarımıza qarşı ağlasığmaz iddialar irəli sürürdülər. Azərbaycan böyük təhlükələrlə üzləşmişdi Xalqımız üçün çox məşəqqətli günlər başlamışdı. Azərbaycan Ermənistanla açıq-aşkar müharibəyə cəlb olunurdu. Azərbaycan hakimiyyəti daxilində yaranan boşluq, səriştəsizlik və hərc-mərclik, xaos getdikcə qazanılan müstəqilliyin itirilməsi ilə nəticələnə bilərdi. Azərbaycanın igid oğulları Vətənin müdafiəsinə qalxsalar belə respublikada o zaman vahid komandanlıq, güclü ordu da yox idi. Bu vəziyyətdən istifadə edən Ermənistan da Rusiyanın köməyi ilə torpaqlarımıza qənim kəsilmişdi.
1993-сü ilin əvvəllərində Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsi hər an baş verə bilərdi. Eyni zamanda ölkə daxilində separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanı məhvə doğru aparırdı. Bu ağır günlərdə xalq etimad göstərəcəyi ancaq bir şəxsiyyətə inanırdı. Respublikanı çətinliklərdən xilas edəcək həmin şəxsiyyətə ümid çox böyük idi. Vətənin ağır günündə bütün xalq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982), daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış Heydər Əliyevə arxalanırdı. 1993-cü il iyunun 4-də Gəncə hadisələri, Surət Hüseynovun hakimiyyətə qarşı itaətsizliyi bütün ölkəni tamamilə xaosa sürüklədi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərara alındı.
1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyən Heydər Əliyev 15 iyun tarixində böyük fədakarlıq göstərərək Azərbaycanın xilası naminə yenidən hakimiyyətə qayıtdı. Məhz ikinci dəfə hakimiyyətə qayıdış, Ulu Öndərə olan xalqın inamının təntənəsi oldu.
1993-cü il iyunun 15-də Heydər Əliyev Milli Məclisin sessiyasında Ali Sovetin sədri seçiləndən sonra çıxış edərək, Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə inkişafın sarsılmaz təməlləri qoyuldu. Böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin tarixi və möhtəşəm günlə bağlı demişdir: “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Həqiqətən də, Ulu Öndərin qətiyyəti sayəsində Azərbaycanın cənub bölgəsində respublikamızı parçalamaq istəyən separatçı qüvvələrin də qarşısı birdəfəlik alındı. Ən əsası Ulu Öndər Heydər Əliyev ölkənin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və dayanıqlı inkişafın təməlini qoydu.
Yenə də qarşıda ən mühim işlərdən biri ordu quruculuğu oldu ki, bu məsələ ilə bağlı Heydər Əliyev Milli Ordu hərbi hissələrini ayrı-ayrı siyasi qrupların təsiri altından çıxarmağa nail oldu.
Təsadüfi deyil ki, 15 iyun gününün Azərbaycan xalqının milli qurtuluş günü elan edilməsi haqqında 1997-ci il iyunun 27-də imzalanan Azərbaycan Respublikasının Milli Məclisinin Qərarında qeyd olunur ki: “Dünya siyasətçiləri arasında öz yeri olan Azərbaycan Prezidenti böyük nüfuzu və siyasi iradəsi sayəsində rəhbəri və qurucusu olduğu dövlətə də belə bir nüfuz qazandırmağa nail oldu. Bir əsrdə ikinci dəfə milli dövlətçiliyi dağılmaq təhlükəsi qarşısında qalan Azərbaycan xalqı yalnız Heydər Əliyev dühasına arxalanaraq, öz dövlətini qorudu, qurdu və möhkəmləndirdi. Xalq öz böyük, sınanmış liderinin sayəsində milli qurtuluşa nail oldu”. Beləcə, 15 iyun Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri gün kimi daxil olur.
Bu gün tariximizin 15 iyun milli qurtuluş səhifəsi çox qürurvericidir. Bəli, həm də sevincliyik ki, müasir və müstəqil Azərbaycan möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələrə doğru inamla addımlayır. Azərbaycan xalqı həm də xoşbəxtdir ki, Ulu Öndər Heydər tərəfindən müəyyənləşdirilən siyasi kursu bu gün 44 günlük Vətən müharibəsində Böyük Zəfər Qələbəsini qazanan, xalqın Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir.