Tarixi qələbəni qazanan ordumuz bu qətliamın günahsız qurbanlarının qisasını aldı

Tarixi qələbəni qazanan ordumuz bu qətliamın günahsız qurbanlarının qisasını aldı

Samirə Orucova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 323 saylı körpələr evi və uşaq bağçasının müdir əvəzi

1992-ci il fevral ayının 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan var idi. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı.

Xocalı soyqırımı zamanı 613 nəfər ödürülmüş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirmişdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüş, onların 150 nəfərinin taleyi indiyə kimi məlum deyil.

1994-cü ildə ümummilli liderimiz Heydər Əliyev xüsusi Fərman vermiş, Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli fərmanı ilə hər il fevral ayının 26-sı saat 12.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Hər il 26 fevralda ölkə başçısı “Xocalı Soyqırımı” ilə əlaqədar xalqa müraciət edir

“Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır, bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilir

Ümummilli lider Heydər Əliyevin bu hadisə ilə bağlı dediyi: “Xocalı soyqırımı XX əsrin ən böyük insan faciələrindən biridir. Xocalıda misli görünməmiş qəddarlıqla törədilmiş bu insan qırğınının Yer kürəsinin hər hansı bir guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı soyqırımı həqiqətləri dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı və humanizm ideallarına sədaqət nümayiş etdirən bütün insanların bu faciəyə öz qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır”

Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli iradəsi ilə başlanmış İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatmışdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı geri qaytardı. Bu yolda döyüşlərdə tarix yazan  Azərbaycan ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının cəlladları da vardı.

Tarixi qələbəni qazanan ordumuz bu qətliamın günahsız qurbanlarının qisasını aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.