Tarixi Köklərə Söykənən Qardaşlıq nümunəsi: Azərbaycan- Türkmənistan

Tarixi Köklərə Söykənən Qardaşlıq nümunəsi: Azərbaycan- Türkmənistan

Şəfa İbrahimli

YAP Suraxanı rayon təşkilatının üzvü

Surxanı rayonu, 269 saylı körpələr evi - uşaq bağçasının tərbiyəçi-müəllimi

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 22 iyun 2026-cı il tarixdə Azərbaycana rəsmi səfəri və dövlət başçılarının bəyanatları, ölkələrimiz arasındakı münasibətlərin sadəcə diplomatik protokollardan ibarət olmadığını növbəti dəfə sübut etdi. Bu əməkdaşlıq sarsılmaz mənəvi bağların, ortaq tarixin və gələcəyə birgə addımlamaq iradəsinin bariz təzahürüdür.

​Bu gün qalib xalqımız üçün ən həssas məsələ doğma Qarabağımızın yenidən qurulmasıdır. Bu baxımdan, Prezident İlham Əliyevin öz bəyanatında Türkmənistanın milli lideri, Arkadağ Qurbanqulu Berdiməhəmmədova və Prezident Sərdar Berdiməhəmmədova Qarabağın bərpası prosesində göstərdikləri qardaşlıq köməyinə görə təşəkkür etməsi hər birimizin qəlbindən xəbər verir. Çətin günlərdə qardaş dövlətin bu ali dəstəyini hiss etmək, bir vətəndaş olaraq bizə sonsuz qürur bəxş edir.

Xüsusi ilə, Sərdar Berdiməhəmmədovun Qarabağın hava qapısı olan Füzuli aeroportu vasitəsi ilə Şuşaya səfər etməsi və orada görülən işlərlə tanış olması Türk Dünyasının bərpa prosesinə münasibətinin təzahürüdür. Qardaş, dost dar gündə bilinər. Bu gün Türk Dünyasında təmsil olunan ölkələrin Qarabağda bərpa prosesinə doğma münasibəti gələcək üçün böyük ümidlər vəd edir.

​Bu tarixi ziyarət çərçivəsində əsas diqqət çəkən məqamlardan biri də ölkələrimiz arasında imzalanmış mühüm sənədlər, xüsusilə “Azərbaycan Respublikası və Türkmənistan arasında ikitərəfli münasibətlər barədə” əldə olunmuş rəsmi razılaşmalardır. Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində Türkmənistanın verdiyi fəal dəstək, Bakı və Aşqabadın artıq regional güc mərkəzinə çevrildiyini təsdiqləyir. Ölkə rəhbərimizin qeyd etdiyi kimi, güclü siyasi tərəfdaşlıq və bu cür ikitərəfli sazişlər olmasaydı, coğrafi üstünlüklər təkbaşına bu böyük uğurları reallığa çevirə bilməzdi.

​Bu səfər iki qardaş xalqın gələcəyə olan ortaq baxışının təsdiqidir. İnanırıq ki, bu cür qardaşlıq dəstəyi sayəsində Qarabağımız təkcə bərpa olunmayacaq, həm də gələcək nəsillərə dostluğun və həmrəyliyin canlı şahidi olaraq qalacaq.