Aygün Abbasova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 279 saylı tam orta məktəbin tarix müəllimi
Ölkə başçısı cənab İlham Əliyevin qətiyyətli fikirləri ilə ifadə etsək, “Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcək və ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir.” Bu tarix - 27 sentyabr 2020-ci il Azərbaycan tarixinin qürur və qalibiyyətə hesablanmış şərəf simvoludur. Bu tarix sübut etdi ki, heç bir ədalətsizlik əbədiyyən mövcudluğunu qoruyub-saxlaya bilməz və nəticə etibarı ilə haqq ədalətsizlik üzərində qələbə qazanır. Bu tarix sübut etdi ki, xalqın vahidliyi və bölünməzliyi istənilən səddi aşmağa qadirdir!
Tarix şahiddir ki....
Ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, təbii resurslarla zəngin olması, əsrarəngiz təbiətə malik olması tarixən yadelli hücumlarını, Azərbaycanın qonşu dövlətlərin, eləcə də region dövlətlərinin maraq dairəsində olmasına şərait yaratmışdır. Gülüstan və Türkmənçay müqavilələri ilə torpaqlarımızın ədalətsiz şəkildə bölüşdürülməsi və ermənilərin qanunsuz şəkildə torpaqlarımıza köçürülməsi sonrakı tarixi faciələrə yol açmış oldu. Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində - çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüzminlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir. Hər zaman özgə torpaqlarında gözü olan, separatçılıq, terrorizm qanlarına hopmuş ermənilərin vəhşi xislətləri üzündən xalqımız dəfələrlə qətlyamlar, faciələrlə üzləşdi. Tarixən faciələri yaşamağımız nə qədər ağırdırsa, onlara düzgün siyasi qiymət verilməməsi o qədər dözülməz və ağrılı idi.
Xalqın xilaskarı və dövlətimizi qüdrətli gələcəyi
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi bizi bir millət kimi məhv olmaqdan xilas etməklə yanaşı yaşadığımız faciələrə düzgün siyasi-hüquqi qiymət verilməsinə şərait yaratdı. Məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyətin həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanmışdı. Azərbaycan hər tərəfli inkişaf etməyə başlamışdı. Ordu quruculuğu sahəsində islahatlar aparıldı. Erməni işğalının beynəlxalq səviyyədə təbliği istiqamətində mühüm işlər görüldü. Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən düzgün siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndərin 1997-ci il 18 dekabr tarixli Fərmanı ilə azərbaycanlıların öz doğma torpaqlarından zorla, qeyri-qanuni çıxarılmasına, 1998-ci ildə imzaladığı Fərman ilə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi ilə azərbaycanlıların qətliamına düzgün siyasi-hüquqi qiymət verildi. Ulu Öndərin Azərbaycan xalqına bağlılığı, Vətən sevgisi və mübariz mövqeyi gələcək zəfərlər üçün nümunə və bünövrə oldu.
Bildiyimiz kimi 44 günlük Vətən müharibəsi Azərbaycanın haqq işinin Qələbəsi, torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşdı. Bu Qələbə, bu Zəfər Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin təntənəli nəticəsi idi. Çünki, bu gün ölkə başçımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin başlanğıcı və bünövrəsi məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Vətən müharibəsindəki Qələbə bir daha sübut etdi ki, Azərbaycan dövləti öz taleyinin və öz torpağının sahibi olmağı bacarır.
Böyük Zəfər təntənəsi...
Bütün çətinliklərə baxmayaraq, qəhrəman ordumuz xalqımıza qalibiyyət və Qələbə bəxş etdi. Bizi bu Qələbəyə aparan yol uğurlu hərbi siyasətdən keçirdi. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir.
Ötən 17 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsi olaraq baş verən keyfiyyətli dəyişikliklər Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində davamlı işinin nəticəsidir. Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etmişdir. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdədir
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün Şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu ali təşəbbüs Şəhidlərimizin ruhuna, yaxınlarına və doğmalarına yüksək diqqətin, ehtiramın göstəricisidir.
Bu, il növbəti anım gününü qeyd edirik, bütün Şəhidlərimizin əziz xatirələrinə dərin ehtiram əlaməti olaraq ölkəmizin hər yerində Anım Günü münasibətilə silsilə tədbirlər keçirilir. Əslində, hər gün, hər saat, hər dəqiqə biz igid Şəhidlərimizin əziz xatirələrini anmaqdayıq, onlar Vətənini, dövlətini sevən hər bir azərbaycanlının qəlbində yaşayır, yaşadılır və yaşadılacaqdır.