Şəhid Oqtay Şabanova həsr olunmuş “Şəhidlik zirvəsi” adlı tədbir keçirilib
Fevralın 19-da SuraxanıRayon Heydər Əliyev Mərkəzində şəhid Oqtay Şabanova həsr olunmuş “Şəhidlik zirvəsi” adlı tədbir keçirilib. Tədbirdə rayon ictimaiyyəti və məktəblilər iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi sükutla yad edilib. Daha sonra şəhid Oqtay Şabanova həsr olunmuş videoçarx nümayiş olunub.
Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini – sektor müdiri Elmar Hüseynov, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə, Şəhid Ailələrini Müdafiə Cəmiyyəti Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatının Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov, Qərbi Azərbaycan Amasiya rayon İcmasının nümayəndəsi polkovnik Elmar Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Raziyə Rzazadə, şəhidin bacısı Rəna Şabanova çıxış edərək bildiriblər ki, şəhidlərimiz xalqımızın qüruru, tariximizin şərəf səhifəsi və gələcək nəsillərə örnək olan qəhrəmanlardır. Vurğulanıb ki, Qarabağ uğrunda gedən döyüşlərdə canından keçən igidlərimizin fədakarlığı heç zaman unudulmayacaq.
Tədbirin bədii hissəsində Suraxanı rayonu, 280 və 281 nömrəli tam orta məktəblərinin şagirdlərinin ifasında səhnəcik, şeir və musiqi kompozisiyaları nümayiş etdirilib.