Kərəm Mehdiyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 104 nömrəli tam orta məktəbin direktoru
İyun ayının 15 -də “Şuşa bəyannaməsi”nin imzalanmasının artıq iki ili tamam olacaq. 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Bəyannamə tarixə əsaslanır və möhkəm təməllərə malikdir. Bəyannamədə xalqlarımızın böyük Liderləri, Öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək, ”Bir millət,iki dövlət”in -iki qardaş ölkənin tarixən var olan, davam edən münasibətləri, əlaqələri hərtərəfli olaraq inkişaf etməkdədir.
Bu bəyannamə ölkələrimiz arasındakı bir çox sahələri: siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Belə ki, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinin aparılması, Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhlizin-Zəngəzur dəhlizinin açılması, Şuşada konsulluğun açılması, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir.
Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması bu nailiyyətlərdən biridir. Qardaş ölkə İkinci Qarabağ müharibəsi zamanı öz köməyini əsirgəməmiş, düşmən qüvvəsinin zərərsizləşdirilməsində pilotsuz uçuş aparatlarının böyük rolu olmuşdur. Bəyannaməyə əsasən bundan sonra da ölkələr bir-birinin təhlükəsizliyini təmin edəcək. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu siyasi aktın-Bəyannamənin tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.
Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya nümayiş etdirən bir mesajdır. Cənab Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”. Bəli, hər zaman yanımızda olduğunu təsdiqləyən qardaş ölkə ilə münasibətlərin, əlaqələrin daha da möhkəmlənməsi bir Azərbaycan vətəndaşı kimi hamımızı qürurlandırır və sevindirir.