Suraxanı Rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd edilib
Oktyabrın 4-də Suraxanı Rayonunda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, Rayon Ağsaqqallar Şurasının üzvləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Suraxanı rayonunda adını daşıyan parkda ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Suraxanı Rayon İcra Hakimiyyətinin Akt zalında keçirilən tədbirdə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ölkə başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Suraxanı rayonunda təhsil müəssisələrinin yenidənqurmadan sonra açılış mərasimlərində iştirakları ilə bağlı videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib, onlara xoş arzularını bildirib. Əziz Əzizov qeyd edib ki, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, dövlətimizin başçısının bu amili dövlət siyasətinin prioritetləri sırasına daxil etməsindən xəbər verir. Respublikamızın hər yerində olduğu kimi, Suraxanı rayonunda da təhsilin yüksək səviyyədə inkişaf etməsi, Heydər Əliyev Fondu tərəfindən yeni məktəb və bağçaların inşası və əsaslı şəkildə təmir olunması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb və görülməkdədir.
YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov çıxışında müəllimləri Beynəlxalq Müəllimlər Günü təbrik etmiş, çətin və şərəfli işlərində uğurlar arzulamışdır. Yerli təşkilatın sədri bildirmişdir ki, müəllimlər mübaliğəsiz öz ömürlərini xalqın ömrünə qurban verən fədailərdirlər. Vüqar Seyidov xüsusi vurğulamışdır ki, ölkəmizdə hər sahədə olduğu kimi elm və təhsil sahəsində də islahatlar həyata keçirilməkdədir. Bu gün Prezident cənab İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın xüsusi diqqəti və qayğıları nəticəsində ölkəmizdə fəaliyyət göstərən məktəb, körpələr evi, uşaq bağçaları dünya standartlarına uyğunlaşdırılır. YAP Suraxanı rayon təşkilatının sədri onu da qeyd etmişdir ki, rayon təşkilatının üzvlərinin böyük əksəriyyəti məhz müəllimlərdən ibarətdir. Bu amilin özləri üçün böyük şərəf olduğunu vurğulayaraq bildirdi ki, yerli təşkilat olaraq hər zaman təhsil olacaqlarına qayğı ilə yanaşmaqdadırlar. Xüsusi ilə illərdir doğma partiyamıza ləyaqətlə xidmət edən veteran müəllimlərə diqqət ayırılmaqdadır.
Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Etibar Əliyev və müəllimlər çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsilə göstərilən diqqət və qayğının nəticəsi olaraq son illərdə təhsil işçilərinin əməkhaqlarının artırılması, onların mükafatlandırılmaları, fəxri adlarla təltif edilmələri, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan məqsədyönlü addımların bu sahədə çalışanlara göstərilən yüksək dövlət qayğısının əyani təzahürü olduğunu, yaradılan bu şəraitə görə ölkə başçısına və birinci xanıma minnətdarlıqlarını bildiriblər.
Sonra Beynəlxalq Müəllimlər Günü münasibətilə rayonda fəaliyyət göstərən bir qrup təhsil işçisi pedaqoji sahədə səmərəli fəaliyyətlərinə, gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara görə Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif ediliblər.
Sonda təhsil işçiləri ilə xatirə şəkilləri çəkilib.