Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq

Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq
Əfsanə Əliyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü

27 Sentyabr – Azərbaycanda Anım Günü kimi qeyd olunur. Bu gün Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiram və minnətdarlıq hissi ilə yad edilir. Anım Günü xalqımızın birlik və həmrəyliyini ifadə edən əlamətdar günlərdəndir.

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib: “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı”.

Dövlət başçısı daha sonra bildirib: “Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib”. Dövlət başçısının bu fikirləri Azərbaycan xalqının şəhid və qazilərimizə dərin ehtiramının, dövlətin isə şəhid ailələri və yaralı hərbçilərin daim yanında olduğunun ifadəsidir. Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Torpaqlarımızın azadlığı və üçrəngli bayrağımızın doğma yurdlarımızda dalğalanması onların fədakarlığı sayəsində mümkün olmuşdur.

“Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur” ifadəsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məxsusdur. Dövlət başçısı bu fikirləri 27 sentyabr 2021-ci ildə, 44 günlük Vətən müharibəsinin birinci ildönümü və Anım Günü münasibətilə xalqa müraciəti zamanı səsləndirib.

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək münaqişənin danışıqlar yolu ilə həllinə çalışmışdır. Lakin Ermənistan illər boyu danışıqlardan boyun qaçıraraq işğalı möhkəmləndirməyə cəhd göstərirdi. Bu səbəbdən 2020-ci ildə Azərbaycan beynəlxalq hüququn verdiyi özünümüdafiə hüququndan istifadə etdi.

Qısa müddətdə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri və onlarla kənd düşməndən təmizləndi. 8 noyabrda xalqımızın mədəniyyət paytaxtı, “Qarabağın incisi” Şuşa azad olundu. Azərbaycan ərazi bütövlüyünü bərpa edərək tarixi Qələbə qazandı və dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı.

Şuşanın azad edilməsi ilə Ermənistan təslim oldu, Ağdam, Kəlbəcər və Laçın döyüşsüz geri alındı. Azərbaycanın haqlı mübarizəsini şərtləndirən erməni təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsində möhtəşəm qələbə hərbi-siyasi yollarla təmin edildi.

Bu şanlı tarixin başlanğıcı olan 27 sentyabr ölkəmizdə Anım Günü kimi dərin ehtiramla yad edilir. Müharibədən sonra Bakı şəhərində 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi qənimətlərin nümayiş olunduğu Hərbi Qənimətlər Parkı yaradıldı. 

Bu gün Azərbaycan Qələbə qazanmış dövlət kimi yoluna davam edir və bundan sonra da zəfər qazanmış xalq, güclü dövlət olaraq əbədi varlığını sürdürəcək!

Paylaş