Qəbələdə şəhid övladları və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial layihə həyata keçirilib
Şəhid övladlarının və xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların sosial fəallığının artırılması, yeni bilik və bacarıqların qazanılması, cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə YAP Suraxanı rayon təşkilatı və “Birlik” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qəbələdə sosial layihə həyata keçirilib.
“SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası” İctimai Birliyinin xüsusi dəstəyi ilə həyata keçirilən sosial layihədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi, 11 nömrəli İnteqrasiya Təlimli İnternat Tipli Ümumtəhsil Məktəbi, “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, “Birgə və Sağlam” İctimai Birliyinin (Autizm Mərkəzi) nümayəndələri, eləcə də Suraxanı rayonunda yaşayan bir qrup şəhid övladı iştirak ediblər.
Layihə çərçivəsində iştirakçılar üçün öncə səhər yeməyi təşkil olunub. Daha sonra iştirakçılar “SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə azərbaycanlı və koreyalı arxeoloqlar tərəfindən Qəbələdə aparılmış arxeoloji qazıntılardan bəhs edən sənədli filmə baxıb, Qəbələ Arxeoloji Mərkəzində ekskursiyada iştirak edərək regionun tarixi və mədəni irsi ilə yaxından tanış olublar.
Proqram çərçivəsində balaca fidanlar ağacəkmə aksiyası, əl əməyi, sənətkarlıqla bağlı ustad dərsi (master-klass) və onlar üçün təşkil olunmuş yoqa məşğələlərində iştirak ediblər.
Layihə iştirakçılarına axşam yeməyindən sonra “The Entertainer” mağazalar şəbəkəsi tərəfindən hazırlanmış xüsusi hədiyyələr təqdim olunmuşdur.