Könül Çələbiyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 146 saylı tam orta məktəbin müəllimi
30 ilə yaxın bədnam qonşularımızın işğalı altında qalmış torpaqlarımız 44 günlük Vətən müharibəsində işğaldan azad olundu. Bu şanlı qələbəyə aparan hər bir gün tariximizə yazıldı. Bu günlərdən biri də Vətən müharibəsinin 24-cü günüdür ki, həmin gün Zəngilan şəhərinin işğaldan azad olunması günü kimi tariximizə düşdü. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il oktyabrın 20-nin Zəngilan Şəhəri Günü kimi qeyd olunması haqqında sərəncam imzalayır.
Azərbaycan Silahlı Qüvvələri Zəngilan rayonunu işğaldan azad etmək üçün 2020-ci il oktyabrın 18-də hərbi əməliyyata başlamışdır. 2 gün davam edən hərbi əməliyyat nəticəsində oktyabrın 20-si Zəngilan rayonunun bir sıra kəndləri, o cümlədən Zəngilan şəhəri, nəhayət ki, işğaldan azad olunmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Zəngilanın işğaldan azad olunmasında şücaət göstərən bir sıra hərbi qulluqçular 2020-ci il noyabrın 26-da təsis edilmiş “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşlar.
Bir zamanlar oktyabrın 29-nu Zəngilan şəhərinin işğal olunduğu gün kimi qeyd edirdik. Sevindirici haldır ki, zəngilanlıların yaddaşında silinməz iz qoyan oktyabr ayı 27 ildən sonra yenidən onların yaddaşlarına həkk olunur. Amma bu dəfə zəngilanlılar həmin ayı doğma şəhərlərinin işğal olunduğu ay kimi deyil, əksinə, qürurverici bir tarix kimi daima xatırlayacaqlar.
Yekunda qeyd etmək istəyirəm ki, biz əzəli və əbədi Azərbaycan torpaqları olan Zəngilan, Laçın, Cəbrayıl, Ağdam, Qafqazın incisi Şuşa və adlarını çəkmədiyim digər şəhərləri qanı və canı bahasına işğaldan azad etmiş, bu şərəfli yolda igidlik göstərmiş, ali məqama–şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımızı heç vaxt unutmayacaq və onların əziz xatirəsini daim qəlbimizdə yaşadacağıq. Allah şəhidlərimizə rəhmət eləsin !