Qarabağın yaraşığı Şuşam mənim
Axirə Məmmədova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 290 nömrəli tam orta məktəbin direktor əvəzi
“Qarabağın yaraşığı Şuşam mənim.
Mətanətlə, dəyanətlə, Səxavətlə qoşam mənim”
Rəsul Rza
Şuşa – Azərbaycanın dilbər guşələrindən biri. Mədəniyyəti, musiqisi, təbiəti ilə çoxlarının diqqətini cəlb edən, dünyaca məşhur şəxsiyyətlər yetirən Qarabağın gözü. “Şuşanın dağları, başı dumanlı...” sözləri ilə başlayan mahnını dinlədikdə həmişə göz önünə uca dağlar gəlib. Həm də hər tərəfi ağaclarla örtülü, bulaqları, çayları, çayın ətrafında olan səfalı guşələri, təmiz havası olan bir məkan.
Tarixi qələbəni yaşadıqdan sonra isə bütün bunlarla yanaşı göz önündə bu dağlarda igid oğullarımızın düşmənlə apardığı əlbəyaxa mübarizə də canlanır. O mübarizə ki, Vətənin hər bir vətəndaşının həmrəylini göstərdi, xalqımıza Zəfər sevinci yaşatdı. Bu zəfərə gedən yol isə heç də asan olmamışdır. Şuşanın azad edilməsi əsgərlərimizin mübariz və mərdliyini bir daha təsdiqlədi. Çünki tanklarla, digər zirehli texnika ilə silahlanan, əlverişli mövqedə yerləşən düşmənin qarşısına yüngül silahlarla çıxmaq, yüksək peşəkarlıq, fədakarlıq tələb edirdi.
Şuşa şəhəri dəfələrlə ermənilər tərəfindən yandırılmış, dağıntıilara məruz qalmışdır. İllər boyu bu cənnət məkan ermənilərin işğalı altında olmuş, əhalisi didərgin salınmışdır. İşğal altında olan müddətdə düşmənlərimiz buranın təbiətini məhv etmiş, tarixi abidələrimizin, məscidlərimizin tarixini saxtalaşdırmağa çalışmışlar. Ağlasığmaz budur ki, onlar yalnız burada yaşayan əhalini deyil, tarixi şəxsiyyətlərin abidələrini də nişangaha çevirmişlər.
Xurşudbanu Natəvan, Üzeyir Hacıbəyov və Bülbülün güllələnmiş heykəlləri, M.P. Vaqifin dağıdılmış muzey-məqbərəsi, neçə-neçə yerlə-yeksan edilmiş məscidlərimiz, ev muzeyləri düşmənlərin məkrli siyasətini,acizliyini təsdiqləyirdi. Əlbəttə ki, bütün bu özbaşnalıqlar, vətənindən didərgin düşmüş insanların ahı, I Qarabağ müharibəsində törədilən vəhşiliklər yerdə qala bilməzdi. Şuşanın işğal altında olduğu illər ərzində buradan didərgin salınmış əhali öz evlərinə qayıtmaq üçün, ən azından o torpağa bir dəfə qədəm basmaq üçün çox dualar etmiş, bu günü səbirsizliklə gözləmişlər. Bir gün onların arzusu gerçəkləşməli və düşmənlərin əməllərinin əvəzi veriməli idi. Verildi də..
4 il əvvəl - 2020-ci il noyabrın 8-də müzəffər ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Bu zəfərə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Belə ki, Heydər Əliyevin dövründə hər bir sahədə olduğu kimi, ordumuzun da inkişafına xüsusi diqqət yetirilirdi. Prezident İlham Əliyevin hakimiyyəti zamanı isə ordumuz daha da gücləndi. Nəticədə isə Ali Baş Komandanın rəhbərliyi ilə igid oğullarımız şanlı bir qəhrəmanlıq dastanı yazdı. Qarabağ torpaqlarını, onun əsas şəhərlərindən biri olan Şuşanı azad etdi.
İndi isə azad Şuşaya yenidən həyat qayıdır. Hal-hazırda Azərbaycan Respublikasının Prezindenti İlham Əliyevin başçılığı ilə burada sürətlə əsaslı yenidənqurma işləri gedir. Tarixi abidələr bərpa edilir, yeni binalar, yaşayış kompleksləri tikilir, istirahət mərkəzləri, hotellər, tibbi mərkəzlər, orta və ali təhsil ocaqları açılır. Burada həm də yaşıllaşdırma işlərinə də xüsusi diqqət yetirilir.2021-ci ildə Topxana meşəsində və Cıdır düzündə ağacəkmə mərasimləri təşkil olunmuşdur.
Əksər dövlət səviyyəli tədbirlərin, “Xarıbülbül” Beynəlxalq Musiqi və V Beynəlxalq Folklor festivallarının məhz bu şəhərdə keçirilməsi Şuşanının dünya ölkələri tərəfindən tanıdılmasında böyük əhəmiyyət kəsb edir. Bu qədim şəhərdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü,”Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda Qlobal Media Forumu, “Böyük Avraziya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəxalq konfrans və digər tədbirlər mühüm əhəmiyyət kəsb edir. Dünyanın müxtəlif ölkələrindən olan dövlət başçılarının (Türkiyə, Özbəkistan, Qazaxıstan, Belarusiya) Şuşaya səfəri və bu zaman şəhərdə aparılan quruculuq işlərinə heyranlığı isə artıq danılmaz bir faktdır.
Bütün qeyd olunanlar bir daha Ali Baş Komandan, Prezident İlham Əliyevin cıxışı zamanı dediyi “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” fikrinin gerçəkləşməsinin sübutudur. Şuşa yenə də Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən birinə çevrilmişdir.