Sevinc Hüseynova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin direktoru
“Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.” – Ulu Öndər Heydər Əliyev
Müqəddəs məna daşımaqla bərabər bayraq həmçinin xalqın mənəvi-siyasi və mədəni birliyinin simvolu, dövlət müstəqilliyinin bilavasitə ifadəçisidir. Çoxminillik dövlətçilik tarixi olan Azərbaycanda mövcud olmuş dövlətlərin bayraqları günümüzə qədər gəlib çatmışdır. Bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılır. Hər bir xalq üçün bayraq onun mənliyini, kimliyini ifadə edən xüsusi atributdur. Bayrağın təşkil olunduğu rənglər, onun üzərindəki rəmzlər xalqın hansı etnik mənsubiyyətə, mədəniyyətə, dinə sahib olduğunu, onun hansı amallar uğrunda mübarizə apardığını göstərir.
Dövlət bayrağımız respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində qürurla ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Ölkə başçısının müvafiq sərəncamları ilə paytaxtın xüsusi seçilmiş yerində inşa edilmiş və 1 sentyabr 2010-cu ildə istifadəyə verilmiş Dövlət bayrağı meydanı, eyni zamanda 9 noyabr 2010-cu ildə yaradılmış Dövlət Bayrağı Muzeyi Azərbaycan xalqının milli-mənəvi dəyərlərə, dövlət rəmzlərinə yüksək ehtiramının nümunəsidir.
Bizlərə miras qalan üçrəngli müqəddəs bayrağımız bizim qanımız, canımız, həyat eşqimiz, Vətənimizdir. Bir vaxtlar istiqlal məfkurəsinin daşıyıcıları olan ziyalılarımızın arzu, deyə mədh etdikləri, millətimizin və dövlətimizin simvolu olan üçrəngli bayrağımız xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi olaraq artıq bütövlükdə Qarabağda dalğalanır. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsində ərazilərimizi erməni işğalından addım-addım, qarış-qarış azad etdi və üçrəngli bayrağımız bu bayrağa illərdir həsrət qalmış doğma torpaqlarımızda ucaldıldı.
Dövlət bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçisi olmasıdır. Dövlət başçısı cənab İlham Əliyevin dediyi kimi: “Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir”.