Prezident İlham Əliyev Litvaya dördüncü səfəri
Elnarə Qasayeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 101 nömrəli tam orta məktəbin direktor müavini
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cari ilin 22 may tarixində Litva Respublikasına rəsmi səfəri ölkəmizin beynəlxalq əlaqələr coğrafiyasının tənzimlənməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirilib, ölkələrimiz arasında gənclər, idman, ekologiya və prokurorluq sahələri üzrə bir sıra mühüm sənədlər imzalanıb.
Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə ölkələrimiz arasında “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı” əməkdaşlıq sənədləri imzalanıb.
Azərbaycan və Litva arasında iqtisadi, ticarət və siyasi sahədə olan əlaqələr yükələn xətt üzrə inkişaf edir. Hər iki tərəfdən buna çox böyük maraq var. Hələ keçən ilin may ayında Litva Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində də Bakıda Litva-Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı görüşlər keçirilmiş, müvafiq sənədlər imzalanıb. Litva ilə ikitərəfli əməkdaşlıq eyni zamanda, Avropa İttifaqı-Azərbaycan çərçivəsində də önəmli rol oynayır.
Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İxrac edilən qazın həcmi ildən-ilə artır. Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı olan işlər paralel şəkildə aparılır. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir. O da xüsusi olaraq qeyd edilməlidir ki, Litva ilə Azərbaycanın tarixi əlaqələri var. Həmçinin Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasındadır. İkitərəfli münasibətlər qarşılıqlı maraqlara, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və reallaşan səfərlər, keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlərlə yüksələn xətlə daha da inkişaf edir.
Prezident İlham Əliyev Litvaya dördüncü səfəri zamanı həmçinin bu ölkənin baş naziri İnqrida Şimonite ilə mühüm görüşlər keçirdi, Azərbaycan-Litva biznes forumunda iştirak etdi. Ümumiyyətlə, səfərin proqramının kifayət qədər geniş olması onun əlaqələrimizin daha da genişlənməsinə mühüm təkan verəcəyini deməyə ciddi əsas verir. Prezident İlham Əliyevin Litvada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda qeyd etiyi kimi “Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir.”
Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatı zamanı bildirib. "Keçən il Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycanda rəsmi səfərdə idi. Bu il mən Litvada rəsmi səfərdəyəm. Biz bu ilin əvvəlində də Davosda da görüşmüşdük. Bu, özlüyündə onu göstərir ki, aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar təbii ki, bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Biz çox ümid edirik ki, gələcək illərdə iqtisadi ticarət sahəsində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək.
Əminəm ki, bu gün keçiriləcək Biznes Forum bu istiqamətdə atılan önəmli addım olacaq. Biznes qurumlarının birgə fəaliyyəti əminəm ki, ticarət dövriyyəsinin artırılmasına da gətirib çıxaracaq. Onu da bildirməliyəm ki, hər iki tərəfdən çox böyük maraq var və Prezident Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində keçən ilin may ayında Bakıda da Litva-Azərbaycan Biznes Forumu keçirilib", - dövlət başçısı vurğulayıb.