Ölkəmizdə idman infrastrukturu paytaxtla məhdudlaşmır
Səid Dadaşov
YAP Suraxanı rayon təşkilatının gənc fəalı
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi
2025-ci ilin yekunları bir daha təsdiq edir ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan idmanı gələcəkdə daha böyük qələbələrə və dünya rekordlarına imza atacaqdır. Azərbaycan bu gün təkcə idmançıları ilə tanınan ölkə deyil, idmanı idarə edən və ona yön verən qlobal gücdür.
2025-ci il Azərbaycanın təşkilatçılıq qabiliyyətinin zirvə ili oldu. Bakının "Dünyanın İdman Paytaxtı" seçilməsi bu sahədəki çoxillik fəaliyyətin qlobal miqyasda təsdiqidir. MDB ölkələrinin III Oyunlarının Gəncədə və digər bölgələrdə, o cümlədən Xankəndidə keçirilməsi dünyaya bir sülh və inkişaf mesajı idi. Azərbaycan komandasının bu yarışlarda ikinci yeri tutması gənc kadrların hazırlıq səviyyəsini göstərdi.
Azərbaycanın nəqliyyat-loqistika imkanları, 9 beynəlxalq hava limanı və müasir yollar bu tədbirlərin uğurlu keçirilməsi üçün maddi baza yaradır. Lakin bütün bunların mərkəzində insana, idmançıya olan qayğı dayanır. 30 illik ənənəyə sadiq qalaraq idmançıların və məşqçilərin mükafatlandırılması dövlət başçısının ədalətli siyasətinin göstəricisidir.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə - Köndələnçay, Suqovuşan və perspektivdə Sərsəng su anbarlarında idman yarışlarının bərpası "Böyük Qayıdış"ın ən parlaq səhifələrindəndir. Bu torpaqlarda yenidən idman səslərinin eşidilməsi dövlətimizin qüdrətinin və dirçəlişin rəmzidir.