Ölkəmizdə gənclərə verilən dəyər göz önündədir
Şəbnəm İbrahimli
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
“Miqrasiya Könüllüsü” İctimai Birliyinin sədri
Hər bir Azərbaycan gənci kimi, mənim də əsas məqsədim ölkəmizə xidmət etməkdir. İxtisasımdan və peşə seçimimdən asılı olmayaraq, mənim üçün prioritet hər zaman Vətənimə töhfə vermək olub. Könüllülük fəaliyyəti mənə bu yolda bir çox qapılar açdı.
Könüllülük fəaliyyəti ilə məşğul olan gənclər həmişə fərqlənirlər və cəmiyyətdə ön sıralarda yer alırlar. Çünki biz kiçik yaşlardan dəyərləri mənimsəyir, Vətən sevgisini içimizdə formalaşdırır, maddi qarşılıq gözləmədən xidmət etməyi öyrənirik. Məhz bu xüsusiyyətlər gələcəkdə bizə üstünlük qazandırır.
Ölkəmizdə gənclərə verilən dəyər göz önündədir .Mən çox şanslıyam ki, Prezident İlham Əliyevin gənclərə bu qədər böyük diqqət ayırdığı bir dövrdə yaşayıram. Çox şanslıyam ki, COP29 kimi mötəbər tədbirdə və digər beynəlxalq tədbirlərdə iştirak etmək imkanı əldə etmişəm.
Bu, ölkəmizdə gənclərin inkişafına və onların beynəlxalq arenada təmsil olunmasına göstərilən diqqətin bariz nümunəsidir. Gənclərə yaradılan bu imkanlar onların gələcək uğurlarına və ölkəmizin daha da güclənməsinə töhfə verir.