O günün başlanğıcı - 2020-ci ilin 27 sentyabrı...

O günün başlanğıcı - 2020-ci ilin 27 sentyabrı...

Arzu Quliyeva 

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru

Tarixi günlərin də kövrəkliklə anılanı, həsrətlə gözləniləni olur. Torpaqlarımızın işğaldan azad ediləcəyi gün belə gözlənilib. O günün başlanğıcı oldu 2020-ci ilin 27 sentyabrı... Hər şey həmin gün, tarixi əks-hücum əmrinin verilməsi ilə başladı. Ermənistanın növbəti hərbi təxribatına qarşı başlayan, 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Tarixi ədalət bərpa edildi. O Zəfər tarixi qələbəmizi şərtləndirdi.Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa hər müraciətində haqqa, ədalətə söykənərək işğal altındakı bütün torpaqlarımızın tezliklə azad ediləcəyini, üçrəngli bayrağımızın bu ərazilərimizdə dalğalanacağını böyük inamla, əminliklə bildirirdi. Dövlətimizin başçısı çıxışlarında dəfələrlə qeyd etmişdi: "Biz başqa ölkələrin torpağına iddiaçı deyilik. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcəyik".

İnanırdıq, Xalq olaraq inanırdıq... Bu inam 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında, 2020-ci ilin Tovuz, həmçinin avqust təxribatlarında təcavüzkara layiqli cavab verildikdə daha da gücləndi. Həmin gün - 27 sentyabrda əks-hücumun ilk həmləsindən rəşadətli ordumuz tərəfindən kəndlərimizin azad olunması bu inamı bir əminliyə çevirdi. Xalqımız "Dəmir yumruq" ətrafında, sözün həqiqi mənasında, yumruq kimi birləşdi. Müzəffər Ali Baş Komandan xalqa müraciətində dediyi "Bizim işimiz haqq işidir, biz qalib gələcəyik" kəlamı hər bir vətəndaşımızda qürur, fərəh hissi doğurmaqla ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı.

Tarixi torpaqlarımızı işğaldan azad etmək uğrunda apardığımız bu müharibə tarixə İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi kimi həkk olundu.  Noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. 2020-ci ilin 10 noyabr bəyanatına əsasən, 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər və 1 dekabrda Laçın Azərbaycana qaytarıldı. Şuşanın azad olunması Vətən müharibəsinin ən uğurlu, inanılmaz əməliyyatıdır. Bu döyüş İkinci Qarabağ müharibəsində həlledici məqam oldu. Hərbi cəhətdən Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi.

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciət edərək şanlı Qələbəmizi elan etməsi o günlərdə həmrəylik nümayiş etdirən dünya azərbaycanlıları tərəfindən böyük coşqu, sevinc hissi ilə qarşılandı. Xalqımızın ədalətli mübarizəsinin - Vətən müharibəsinin 44 günün hər günü şanlı tarixdir. Azərbaycan Ordusu hər gün irəli gedərək yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. Rəşadətli Azərbaycan Ordusunun qüdrətinə müqavimət göstərə bilməyən düşmən dinc əhalini hədəfə almaqla müharibə cinayətləri törətdi.

Şəhərlərimiz ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutuldu.  Müharibə dövründə 100-ə yaxın mülki şəxs, o cümlədən uşaqlar, qadınlar həlak oldu. 400-dən çox mülki şəxs yaralandı, 5 mindən çox ev dağıdıldı. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Müharibənin getdiyi o günlərdə münaqişə zonasında olmayan şəhər və rayonların atəşə məruz qalması, dinc sakinlərin həlak olması və yaralanması beynəlxalq ictimaiyyətə də çatdırıldı.

Ermənistan cəmi 44 günə Azərbaycan qarşısında diz çökdü, 30 illik münaqişəyə Azərbaycan öz gücü, qüdrəti ilə son qoydu və tarixi ədaləti bərpa etdi. Prezident cənab İlham Əliyev Azərbaycan tarixinə xilaskar və Müzəffər Komandan kimi adını yazdırdı. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan dövləti 44 günlük müharibədən sonra əldə etdiyi qələbə ilə regiondakı vəziyyəti dəyişdi. Bu gün artıq reallıq başqadır və Azərbaycan diktə edən tərəf kimi öz uğurlu diplomatik gedişlərini icra etməkdədir.

Dünya ölkələri, xüsusilə də Qərb dünyası yeni reallığı dərk edir və bununla barışmalı olur. İqtisadi cəhətdən yüksək inkişafa nail olmuş Azərbaycan uğurlu müstəqil xarici siyasət yürüdür və qalib tərəf kimi bölgədə dayanıqlı sülhün bərqərar olması üçün öz müsbət töhfələrini verir.