Nəsimi Quliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 76 nömrəli tam orta məktəbin direktoru
Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün qəlbi ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, Ulu Öndər, xalqımızın ümummilli lideri Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmış, vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir. Vətənimizin ən çətin zamanlarında Azərbaycana rəhbərlik etmiş Ulu öndər Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu xalqımızın rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb. Müasir tariximizə ən böyük azərbaycanlı kimi həkk olunmuş Heydər Əliyev dövrün ən sərt və çətin sınaqlarından keçərək, qədirbilən xalqımıza milli dövlətçilik ənənələrini vahid sistem halına salaraq özünütəsdiq imkanı qazandırıb, müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb.
Hər bir xalqın müstəqil dövlət quruculuğu yolunu bir sıra mühüm daxili və xarici amillər müəyyən edir. Azərbaycan xalqı əlverişli tarixi şəraitdən, siyasi, iqtisadi, mədəni və intellektual potensialdan istifadə edərək 20-ci əsrin sonlarında müstəqillik arzusunu reallaşdırdı. Müstəqillik dövrünün qısa tarixi Ümummilli lider Heydər Əliyevin belə bir fikrini təsdiq edir: “Müstəqillik yolu qədər çətin yol yoxdur. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. Azərbaycanın müstəqil dövlətçilik tarixinin təhlili göstərir ki, dövlət quruculuğu kimi çətin, mürəkkəb və şərəfli missiyaya geniş və qlobal dünyagörüşünə malik, xalqın dəstəyini qazanan, onun ümummilli liderinə çevrilən iradəli bir şəxs rəhbərlik edə bilərdi. XX əsrin 90-cı illərinin sonlarında Azərbaycanda bu işin öhdəsindən gələ bilən yeganə lider Heydər Əliyev idi.
Uzun illər dövlətçilikdən, milli-mənəvi köklərdən məhrum olmuş, milli-dövlət maraqları tapdalanan Azərbaycan xalqının öz mənşəyinə qaytarılmasında Heydər Əliyevin əməli fəaliyyəti və ideoloji-siyasi baxışlarının böyük rolu olmuşdur.
Ulu öndərin Azərbaycanın tərəqqisinə, müstəqilliyinə və müasirləşməsinə yönəlmiş səmərəli dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyev cari ilin 29 aprel tarixində keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında qeyd etmişdi ki, işğal dövründə yalnız Qarabağı geri qaytarmaq üzərində düşünmürdük. Azərbaycan müstəqilliyin gücləndirilməsi və onun dönməz xarakter alması, habelə heç kəsdən, nə siyasi, nə iqtisadi, nə də enerji cəhətdən asılı olmamağı üzərində çalışıb və buna nail olub. Ölkəmiz tam olaraq müstəqil oldu, müstəqil siyasət aparmaq imkanını əldə etdi və Qarabağı geri qaytardı.
Bu gün, doğrudan da, kənar qüvvələrin bizim siyasətimizə təsir etmə imkanları sıfıra bərabərdir. Bunu yaxın tarix göstərib. Ona görə ki, ölkə başçısı prinsipial siyasət aparır. Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir və müdafiə olunur. Xalq-iqtidar vəhdəti bizim uğurlarımızın əsas səbəbidir. Bütövlükdə, bu gün ölkəmiz dayanıqlı inkişafa, möhkəm ictimai-siyasi sabitliyə malikdir. Azərbaycan dövləti çoxəsrlik tarixində heç vaxt indiki qədər güclü və qüdrətli olmayıb.