Laçın rayonu daha müasir formada yenidən qurulur

Laçın rayonu daha müasir formada yenidən qurulur
Ülviyyə Kərəmova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı Rayonu 141 nömrəli tam orta məktəbin müəllimi
Adını relyefinin valehedici qayalıqlarından alan Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir və bədnam düşmənlə sərhəddə yerləşmək zamanla Laçının müsibətlər yaşamasına səbəb olmuşdur.
1905–1907 və 1914–1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində təxminən yarım milyon müsəlman həlak olmuşdur. Azərbaycan Xalq Cumhuriyyəti dövründə quldur Andronikin terrorçu əməllərinə qarşı partizan hərəkatının görkəmli lideri Sultan bəy Sultanov və qardaşı Xosrov paşa bəy Sultanovun layiqli cavab verdiyi “Qanlı dərə”- Zabıx dərəsi adlı məşhur məkan da Laçınımızda yerləşir.
Birinci Qarabağ müharibəsində strateji əhəmiyyətə malik Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Bu dəhliz tarixi Zəngəzur torpaqlarından keçid kimi Dağlıq Qarabağı birləşdirirdi və düşmənə sonradan digər torpaqlarımızı da işğal etməyə imkan yaradırdı.
Qarı düşmən Ermənistan işğalçı tərəf olaraq, Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevirməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub. Azərbaycan hökümətinin dəfələrlə etiraz etməsinə baxmayaraq işğal müddətində qarşı tərəf Livandan və Suriyadan gəlmələri tarixi Azərbaycan torpaqlarında məskunlaşdırmaqdan çəkinmirdi.
Düşməni ilə münasibətdə belə öz insanpərvərliyini nümayiş etdirən Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. 2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib və 5775 nəfər igid Azərbaycan oğlu bu fəxri ada layiq görülüb.
Cənab İlham Əliyev Böyük Qayıdış çərşivəsində 2021-ci ilin 14 fevral, 16 avqust və 2022-ci il 26 avqust tarixlərində Laçın rayonuna səfərləri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı cənab İlham Əliyev fevralın 14-də Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı.
Erməni işğalından azad olunan digər Vətən parçalarımız kimi Laçın rayonu da müasir formada yenidən qurulur və 30 illik həsrətdən sonra bu yerlər doğma sakinlərinə təhvil verilir. Regionun strateji əhəmiyyətini artıran planlardan biri də, işğaldan azad olunmuş ərazilərin, o cümlədən Laçının bölgədə beynəlxalq statusunu artıracaq hava limanının inşasıdır.
Sevgini ilahi eşqə çevirən, məzarında qibləyə yox sevgisinə doğru yatan müqəddəs ruhlardan olan Sarı Aşığı və yüzlərlə dahini yetişdirən Laçın artıq Azərbaycanındır və ərazi tamlığımızın simvoludur.
Laçın Azərbaycandır!
Qarabağ Azərbaycandır!!!