İlin ilk 6 ayı səmərəli keçib
Dilşad Hacıyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı Tibb Mərkəzi 3 nömrəli Suraxanı doğum evi publik hüquqi şəxsin əməkdaşı
Prezident İlham Əliyev cari ilin 11 iyul tarixində 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxış edib. Bildirib ki, ilin ilk altı ayı səmərəli keçib. Bu yarımillikdə ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi əsas istiqamətimiz idi. Qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıb. Statistik rəqəmlər bunu deməyə əsas verir.
Maliyyə vəziyyəti ciddi dərəcədə yaxşılaşıb. Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi bunun əsas səbəblərindəndir.
Prezident çıxışında onu da vurğulayıb ki, cari ilin dövlət büdcəsi 33 milyard manatdan yüksək səviyyəyə qalxmışdır. İlin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi təcili həllini gözləyən məsələlərin daha tez zamanda həll edilməsi üçün büdcəyə əlavələr etməyə imkan verdi. Bu gün dövlət büdcəsi 36 milyard manatdan çoxdur. Bu ölkə qarşısında duran əsas investisiya layihələrini icra etməyə, ilk növbədə azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verməyə, hərbi gücümüzü artırmağa imkan verdi.
Prezident cənab İlham Əliyev makroiqtisadi sabitliyin uzun illər ərzində təmin edilməsindən də bəhs edib. Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Bu düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
“Böyük Qayıdış” layihəsindən bəhs edən Prezident vurğulayıb ki, bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar.
Çıxışda bildirilib ki, özümüzü, öz müstəqilliyimizi, seçimimizi, həyat tərzimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra dayanmadan bu istiqamətdə çox ciddi addımlar atılmışdır. Heç kim bizim iradəmizə təsir edə bilməz. Bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi, maraqlarımızı qoruya bilmişik.
Cənab Prezident çıxışında sülh danışıqları ilə bağlı Azərbaycanın mövqeyi məsələsinə də toxunub. Bir daha qeyd edib ki, bizim mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır.