İlham Əliyevin siyasəti - Zəfərə aparan yol
Svetlana Hənifəyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 311 saylı uşaq bağçasının müdiri
İlham Əliyev adını dünya diplomatiya və hərb tarixinə həkk etmiş xoşbəxt şəxsdir. Öz əməlləri ilə xalqının və dövlətinin sonsuz sevgisini qazanmış liderdir cənab Prezident. Xalqı ona görə cənab Prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdir və son 18 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalqı ona görə Prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasət həyata keçirir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır.
Hər zaman olduğu kimi bu il də ölkəmizin xarici siyasəti çox fəal olub və xarici siyasət istiqamətində yeni önəmli addımlar atılıb. Ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Nəticələr arasında, əlbəttə ki, Qoşulmama Hərəkatındakı ölkəmizin uğurlu sədrliyini qeyd etmək istərdim. Bizim sədrliyimiz bildiyiniz kimi, 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, Azərbaycan 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və xalqımıza olan inam bu illər ərzində daha da artmışdır. Məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik.
Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı idi və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır. Bu, dövlətimizin təşəbbüsü idi və bu təşəbbüs artıq özünü real həyatda göstərir. Eyni zamanda, Gənclər Platforması da yaradılır. Gənclər forumu keçiriləcək və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi yaradılacaqdır. Dövlət başçımızın sədrliyi bir daha göstərdi ki, Azərbaycan öz sözünə sadiqdir. Beynəlxalq arenadakı oynadığı rol, göstərdiyi həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün göstərdiyi dəstək - humanitar dəstək, maliyyə dəstəyi, xüsusilə COVID-lə bağlı 80-dən çox ölkəyə göstərdiyi dəstək ölkəmizin beynəlxalq nüfuzumuzu, əlbəttə ki, artırmışdır.