Hədəfimiz bərpa olunan enerjidir

Hədəfimiz bərpa olunan enerjidir
Şəbnəm Zeynalova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 270 nömrəli tam orta məktəbin kitabxana müdiri

Dövlətin hər hansı bir təbii sərvətə sahib olması, hələ onun xalqının bu nemətdən faydalanması demək deyildir. Tələb olunan ən zəruri məsələlərdən biri həmin təbii sərvəti hasil və istehsal edib, istehlak bazarına çıxarmaqdır. Məsələn, hələ illər öncə hamıya məlum idi ki, Xəzər dənizi, xüsusən onun Azərbaycan sektoru böyük karbohidrogen ehtiyatlarına malikdir.

Milli sərvətlərdən və təbii ehtiyatlardan istifadə etmək üçün qonşu sahilyanı dövlətlərin haqsız müqavimətini qırmaq, istehsalçı şəriklər və istehlak bazarları tapmaq lazım idi. Bunu o zamanlar Ulu Öndər Heydər Əliyev bacardı. Əsrin müqaviləsini bağlamaqla əldə olunan gəliri xalqımızın rifahının yüksəldilməsinə və düşmən üzərində gələcək qələbəmizin maddi-texniki bazasının formalaşdırılmasına yönəltdi.

Heç kimə sirr deyil ki, karbohidrogen ehtiyatları bərpa olunmayan enerji növünə aiddir. Doğrudur, bu sərvət ölkəmizin ixracatında hələ çox mühüm yer tutur. Amma artıq toxunduğumuz kimi, bu illər uzunu davam etməyəcək axı. Yeni alternativ enerji mənbələri axtarmaq lazımdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin 2023-cü il 16 yanvar tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlıq həftəsinin rəsmi açılış mərasimindəki çıxışının da əsas mətnini bu təşkil etdi.

Cənab Prezident xüsusi olaraq qeyd etdi ki, bərpa olunan enerji proqramımız tamamilə fərqli gündəliyə malikdir. Bu, isə yeni imkanların yaradılmasından xəbər verir. Bizim hədəfimiz məhz bərpaolunan enerjidir. Amma unutmayaq ki, bizim qaz ixracatımız artan xətlə davam etməkdədir. Təkcə bir faktı  qeyd edək ki, təbii qaz ixracatımız 2021-ci ildə 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. 

Biz ikitərəfli əlaqələrimizi daim inkişaf etdirməkdəyik. Mövcud investisiya bazarımız çox müsbətdir və bunu tərəfdaşlarımız da gözəl bilirlər. Məhz buna görə də “Masdar” və Azərbaycan Dövlət Neft şirkəti 4 qiqavatlıq külək və günəş enerji stansiyalarının yaradılmasına dair razılaşma imzaladılar. Prezidentimizin bu çıxışı maddi resurslarımızın təqdim olunması yolunda daha bir uğurlu addım oldu.