Heydər Əliyevin müəyyən etdiyi və həyata keçirdiyi strategiya bütün uğurların əsasını təşkil edir

Heydər Əliyevin müəyyən etdiyi və həyata keçirdiyi strategiya bütün uğurların əsasını təşkil edir

Arzu Məmmədova 

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 226 nömrəli tam orta məktəbin direktoru

Azərbaycanın dövlətçilik tarixində Ümummilli lider Heydər Əliyev böyük tarixi şəxsiyyət, nüfuzlu rəhbər kimi əbədiyaşarlıq qazanıb. Onun möhkəm siyasi iradəsi sayəsində həyata keçirdiyi islahatlar nəticəsidir ki, Azərbaycan bu gün böyük inkişaf yolu ilə irəliləyir. Məhz ictimai-siyasi xadim Ulu Öndər Heydər Əliyevin əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulub.                

Yeni Azərbaycanın xilaskarı, müdrik rəhbəri, görkəmli dövlət xadimi Heydər Əliyev bütün mənalı həyatını müstəqil Azərbaycana həsr edib. Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi olaraq bütün dünyada tanınır. 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev respublikamızı ağır vəziyyətdən çıxartdı. Ulu Öndər Heydər Əliyev əsas diqqəti həm də ordu quruculuğuna yönəltdi. İlk növbədə ordunun silah-sursat, geyim və ərzaq təminatı nizama salındı. Heydər Əliyev yenidən hakimiyyətə qayıdışı ilə həm də yeni iqtisadi yüksəlişin təməlini qoydu. Azərbaycan iqtisadiyyatına xarici investisiyalar qoyulması, köklü dəyişikliklərin aparılması sonradan tərəqqiyə yol açdı.                               

Çətin və ağır illərdə Ümummilli Lider Heydər Əliyevin qarşısında müstəqil respublikamızı dünya xəritəsindən silinmək təhlükəsindən, ölkədə hər an baş verə biləcək vətəndaş müharibəsindən azad etmək kimi tarixi vəzifə dururdu. Respublikamız üçün önəmli olan digər əsas məsələ - Azərbaycan iqtisadiyyatının dirçəldilməsi məsələsi idi. Ulu Öndər Heydər Əliyevin dediyi müdrik fikri də xatırlamaq istərdim: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.” Bəli, o zaman iqtisadiyyatın əsasını təşkil edən neft sənayesinin yenidən dirçəlməsi yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişindən sonra mümkün oldu.

Görkəmli dövlət xadiminin gərgin səyləri, uzaqgörən və müdrik siyasəti nətucəsində 1994-cü il sentyabrın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə xarici ölkələrin şirkətlərinin daxil olduğu Beynəlxalq neft konsorsiumu arasında Xəzər dənizinin Azərbaycana mənsub sektorunda neft hasilatına dair  sənəd imzalandı.    Xəzər dənizində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli”  yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında tarixi müqavilədə 8 ölkədən, 13 şirkət iştirak edirdi. Heydər Əliyevin böyük diplomatik səyi ilə 1994-cü ilin sentyabrında bağlanan, bu gün artıq qürurverici tarixə çevrilən, böyük neft müqaviləsi -  “Əsrin müqaviləsi” Azərbaycana böyük xarici sərmayələr yatırılması üçün də şərait yaratdı. Ölkəmizin neft sənayesi üçün olduqca vacib olan yeni texnologiyaların tətbiq edilməsinə başlanıldı. Dahi siyasətçi Heydər Əliyevin titanik səyləri, Azərbaycan neftçilərinin fəadkar əməyi ilə  yüksək keyfiyyətli Azərbaycan nefti Qərb ölkələrinin bazarlarına axdı. Heydər Əliyev neftdən gələn gəlirləri, ilk növbədə  Azərbaycanın sosial və iqtisadi inkişafına yönəltdi. Ulu öndərin sərəncamı ilə Azərbaycan neftinin xalqımızın gələcək nəsilllərinin bəhrələnməsi üçün Azərbaycan  Dövlət Neft Fondu yaradıldı.

Ulu Öndər Heydər Əliyev hüquqi dövlətin sarsılmaz əsaslarını qoydu. Məlumdur ki, 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Konstitusiyanın müəllifi olan Heydər Əliyev hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratdı. Məhz həmin Konstitusiyada Azərbaycan dövlətinin ali məqsədinin insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi bəyan edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində 1998-ci ildə Konstitusiya Məhkəməsinin təşkili, 2001-ci ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) haqqında qanunun qəbul edilməsi, ölüm hökmünün ləğv edilməsi və onlarla digər bu kimi islahat xarakterli demokratik təşəbbüslər ulu öndər Heydər Əliyevin gərgin əməyinin nəticəsidir. Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müxtəlif dövrlərdə müəyyən etdiyi və həyata keçirdiyi strategiya isə bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir.

Bu gün Ümummilli lider Heydər Əliyevin siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə qədəm qoyub.