Heydər Əliyevin Azərbaycanda rəhbər seçilməsi xalqın taleyində əhəmiyyətli dönüşün başlanğıcı oldu
"Dental Clinic" stomatoloji mərkəzin direktoru
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Ulu öndər Heydər Əliyev bu gün müstəqil Azərbaycanın qurucusu həm də dövlətçiliyinin xilaskarı kimi çağdaş tariximizə öz möhürünü vurmuşdur. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev ömrü böyük bir xalqın, dövlətin tarixinə çevrilmiş şəxsiyyətlərdən idi. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görə Heydər Əliyev bu gün də ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə yad edilir. Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mənəvi həyatında əsaslı yüksəlişə səbəb olmuşdur.
Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini elan etsə də, bunu reallaşdıra bilməmişdilər. Hakimiyyətdə olan səriştəsiz qüvvələr ölkənin üzləşdiyi problemlərin öhdəsindən gələ bilmirdilər. Hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Heydər Əliyevin Azərbaycanda rəhbər seçilməsi tarixi xalqın taleyində əhəmiyyətli dönüşün başlanğıcı, ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulduğu tarixdir.
Daim doğma xalqının böyük təəssübkeşi olmuş Heydər Əliyev o mürəkkəb tarixi şəraitdə ölkəmizi keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirmiş qısa müddətdə bütün sahələrdə geniş islahat proqramı həyata keçirməklə, gələcək müstəqil və güclü Azərbaycanın əsasını qoyurdu. Ümummilli Lider Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən şəxsiyyət olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir.
Ulu Öndər Heydər Əliyev deyirdi: “Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir”.
Azərbaycanın bugünkü uğurlarının təməli müstəqil dövlətimizin memarı və qurucusu, hər zaman fəxr etdiyimiz və qürur hissi ilə xatırladığımız ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin problemlərini həll edən tarixi şəxsiyyət kimi, həm də tarixi yazan şəxsiyyət kimi yaddaşlarda qalacaq.