Hazırda 10 üzvü olan BRICS 2006-cı ildə yaradılıb
Gülnar Həsənova
YAP Suraxanı rayon təşkilatının üzvü
Xarici Dillər Təmayüllü Gimnaziyanın müəllimi
Ölkəmizin xarici siyasəti müxtəlif beynəlxalq təşkilatlar və platformalar vasitəsilə daha geniş vüsət alır.Bu Azərbaycanı qlobal siyasətdə önəmli dövlət kimi tanıdır, ölkənin beynəlxalq proseslərdə aktiv iştirakını təmin edir. Qeyd edək ki , oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak etmək üçün “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gəldi.
XVI BRICS Sammiti Azərbaycan üçün yeni imkanlar yaradır. Prezident İlham Əliyevin sammitdə iştirakı Azərbaycanın BRICS+ formatında fəal rol oynadığını göstərir. Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.
Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını və digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.
Prezident çıxışında “Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib” - deyə fikirlərini bildirmişdir.
Hazırda 10 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. 24 oktyabrda keçirilən BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıblar. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi blokadadır.
BRICS insan, büdcə, maliyyə və iqtisadi potensial baxımından bütün mövcud birlikləri əhəmiyyətli dərəcədə üstələyir.