Güclü Azərbaycan diasporunun formalaşdırılması respublikamızda dövlət siyasətinin mühüm istiqamətini təşkil edir

Güclü Azərbaycan diasporunun formalaşdırılması respublikamızda dövlət siyasətinin mühüm istiqamətini təşkil edir

Nənəxanım Paşayeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

“Suraxanı OYL OK S.A” Şirkətinin Azərbaycandakı nümayəndəliyinin Katibliyinin rəhbəri

Dekabr ayının son gününü - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü xalqımız, taleyin gərdişi üzündən  dünyanın müxtəlif ölkələrinə səpələnmış soydaşlarımız son illərdə olduğu kimi bu il də ruh yuksəkliyi ilə,daha böyük təntənə ilə qeyd etdi.

Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illər müstəqil Azərbaycanın çiçəklənməsi, xüsusilə də 44 günlük tarixi Qələbəmiz  dünya azərbaycanlılarının özünüdərkinə təkan verdi. Bir ideologiya ətrafında birləşən  soydaşlarımız harada yaşamasından asılı olmayaraq Vətənin inkişafına,onun  dünya birliyində layiqli yer tutmasına və tanınmasına töhfə verməyi özünün mənəvi borcu sayır.

Ötən əsrin  axırlarında keçmiş Sovetlər ittifaqı məkanında gedən proseslər Azərbaycanda da milli oyanış hərəkatının geniş vüsət almasına  səbəb oldu. Ermənilərin Azərbaycana qarşı ərazi iddiası, açıq separatçılıq hərəkatı, Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması “Meydan hərəkatı”nın əsasını qoydu, Yaranmış problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq  Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başladı.  Belə bir vaxtda azərbaycanlıların vətən naminə həmrəyliyinə, birliyinə ehtiyac yarandı. Bütün bu baş verən hadisələrin fonunda 31 dekabr Azərbaycanın tarixinə Milli Həmrəylik Günü kimi daxil oldu.

Bu tarixin rəsmiləşdirilməsi isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə hər il dekabr ayının 31- nin Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə qərar qəbul olundu. Beləliklə, bu tarix dünya azərbaycanlılarının hər il sevinclə qeyd etdikləri milli bayrama çevrildi.

2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultay dünya azərbaycanlılarının birləşdirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində mühüm hadisəyə çevrildi. Qurultayda  Ulu öndər Heydər Əliyevin söylədiyi müdrik sözlər –“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bugün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamları biz azərbaycanlıların milli qürur rəmzinə çevrilmişdir.

Hazırda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəyliyin möhkəmləndirilməsi, onların təşkilatlandırılması və güclü Azərbaycan diasporunun formalaşdırılması respublikamızda dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. Prezident İham Əliyev, təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, milli həmrəylik ideyalarının, bu gün də Azərbaycan dövləti üçün öz aktuallığını saxladığını nümayiş etdirir. Hazırda azərbaycanlıların həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar yaranmışdır.

Azərbaycan dövləti nüfuzlu iqtisadi və siyasi gücə çevrilmiş, bütün dünyada yaşayan soydaşlarımız qarşısında parlaq perspektivər açılmışdır. İndi biz dünya azərbaycanlılarının ümumbəşəri və mili-mədəni hüquqlarının, beynəlxalq konvensiyalarda təsbit edilmiş insan haqlarının qorunmasını təmin etmək üçün daha təsirli vasitələrə malikik. Azərbaycanın siyasi rəhbərliyi dünya azərbaycanlılarının Vətənimizə və xalqımıza mənsubluq hissini gücləndirmək, onların ölkəmizin iqtisadi, mədəni həyatında hərtərəfli iştirakını təmin etmək üçün bütün zəruri tədbirləri görəcəkdir”- Prezident İlham Əliyevin bu sözləri Azərbaycan dövlətinin bu mövzuda necə qərarlı olduğunu sübut edir. Bugün hər bir azərbaycanlı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru inamla addımlayacağına tam əmindir.

Bu həmrəylik bizi yeni-yeni qələbələrə aparacaq! Yeni Qələbələrimiz, yeni Zəfərlərimiz, yeni uğurlarımız naminə “Dəmir yumruq” altında birləşərək həmrəy,həmfikir olan xalqım, bayramların mübarək!