Talıb Talıblı
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin müəllimi
1991-ci ildə Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra onun müstəqilliyini tanıyan ölkələrdən biri də cənub qonşumuz İran İslam Respublikası oldu. Azərbaycan Respublikası da xarici siyasətinin əsas prinsiplərinə uyğun olaraq İranla münasibətdə mehriban qonşuluq siyasəti yürütmüşdür. Lakin İran hakimiyyəti istər Heydər Əliyevin dövründə, istərsə də İlham Əliyevin dövründə bizə qarşı xoşagəlməz addımlar atsa da geri çəkilmiş, Azərbaycanla qonşuluq prinsiplərinə uyğun hərəkət etməyə məcbur qalmışdır.
Ulu öndərimiz və davamçısı Cənab Prezident İlham Əliyev İranla əlaqələri möhkəmləndirmək üçün İrana bir neçə dəfə səfərlər etmişdir. Bu səfərlərdə siyasi əlaqələrlə yanaşı, iqtisadi və mədəni əlaqələr də müzakirə mövzusu olmuş və möhkəmləndirilmişdir.
19 may 2024-cü il tarixində Azərbaycan və İran prezidentlərinin növbəti görüşü baş tutmuşdur. Bu görüşün digər görüşlərdən fərqi onda idi ki, ilk dəfə iki ölkə rəhbərləri sərhəddə görüşmüşdür. Görüşün səbəbi isə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istifadəyə verilməsi və “Qız qalası” hidroqovşağının açılış mərasimi idi. İlham Əliyev bu prosesləri tarixi hadisə, iki ölkə arasında dostluq və qardaşlıq proseslərinin təzahürü kimi dəyərləndirmişdir. Eyni zamanda İranın hidroqovşaqların tikintisinə dəstək verməsini, bu proseslərdə yaxından istirak etməsini də dostluğun təzahürü kimi dəyərləndirmişdir. Bu kimi digər layihələr – dəmiryollarının, nəqliyyat yollarının çəkilməsi və s. sahələrdə də əməkdaşlıq davam etdirilir. İranla Azərbaycanı birləşdirən layihələr arasında nəqliyyat layihələri xüsusi rol oynayır. Naxçıvanla quru əlaqəsi hazırda İran ərazisindən keçən yolla təmin olunur.
Şimal-Cənub Nəqliyyat Dəhlizinin təmin olunmasında isə Ağbənd istiqamətində tikilən avtomobil körpüsünün böyük əhəmiyyəti olacaq. Həm regional, həm də beynəlxalq təşkilatlarda iki ölkənin bir-birini dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini İlham Əliyev qonaqların diqqətinə çatdırmışdır.