Dövlət Dilinin İnkişafında Tarixi Addımlar
Elnarə Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 97 nömrəli tam orta ümümtəhsil məktəbinin direktoru
Azərbaycan dili xalqımızın keçmişini, bu gününü və gələcəyini özündə yaşadan ən böyük mənəvi sərvətimizdir. Əsrlər boyu müxtəlif siyasi və sosial təzyiqlərə məruz qalmasına baxmayaraq, dilimiz özünəməxsus strukturunu qoruyub saxlamış, zəngin bir inkişaf yolu keçərək daha da möhkəmlənmişdir. Bu gün dünya dilləri arasında xüsusi çəkiyə malik olan ana dilimiz həm də dövlət müstəqilliyimizin ən mühüm rəmzlərindən biridir.
Dilimizin qorunması, zənginləşməsi və rəsmi dövlət dili kimi mövqeyinin möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu Öndərin bu istiqamətdə imzaladığı fərman və sərəncamlar dil siyasətinin fundamental əsasını qoymuşdur. Bu tarixi addımların davamı olaraq, 2001-ci il 9 avqust tarixli Fərmana əsasən, hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təntənəli şəkildə qeyd olunur. Bu əlamətdar gün ana dilimizə dövlət səviyyəsində verilən yüksək dəyərin bariz nümunəsidir.
Struktur baxımından iltisaqi (aqlütinativ) dillər qrupuna daxil olan Azərbaycan dili zəngin söz yaradıcılığı imkanlarına malikdir. Lakin bu zənginliyin qorunması onun elmi normalarına düzgün riayət edilməsindən asılıdır. Xüsusilə kütləvi informasiya vasitələrində, rəqəmsal platformalarda və televiziya məkanında orfoqrafiya (yazı) və orfoepiya (tələffüz) normalarının gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyev hər zaman Azərbaycan dilinin saflığının qorunmasını diqqət mərkəzində saxlayır, dilimizə daxil olan yad kəlmələrin qarşısının alınması və qanunvericiliyin tələblərinə əməl olunması üçün aidiyyəti qurumlar qarşısında ciddi tapşırıqlar qoyur.
Dilin saflığını qorumaq təkcə dövlət qurumlarının deyil, hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Bu məsuliyyətin gənc nəsillərə aşılanmasında isə təhsil müəssisələrinin rolu əvəzsizdir. Məktəblərdə ana dili sevgisinin formalaşdırılması və yüksək nitq mədəniyyətinin təbliği gələcəkdə dilimizin daha da ucalmasını təmin edəcək əsas amildir. Ana dilimizi sevmək, onu düzgün öyrənmək və gələcək nəsillərə təmiz şəkildə ötürmək hər birimizin mənəvi öhdəliyidir