Cümhuriyyətin Varisi: Əsrlik Şərəfdən Şanlı Zəfərə

Cümhuriyyətin Varisi: Əsrlik Şərəfdən Şanlı Zəfərə

Ülviyyə Cəfərli

YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədr müavini

Suraxanı Tibb Mərkəzinin Xəstə Xidmətləri şöbəsinin müdiri

Azərbaycan Silahlı Qüvvələrinin 1918-ci il iyunun 26-da atılan ilk təməli, Şərqin ilk demokratik respublikasının millətə bağışladığı ən müqəddəs milli təhlükəsizlik qalxanı idi. İlk günlərdə Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski kimi dahi sərkərdələrin intizam fəlsəfəsi ilə qurulan bu ordu, Bakının xilası ilə özünün ilk ləyaqət imtahanını verdi. 

Sovet dönəminin ağır sınaqlarında və İkinci Dünya Müharibəsinin alovlu cəbhələrində azərbaycanlıların hərbi dühası genetik yaddaş olaraq qorundu. 1970-ci illərdə isə Ümummilli Lider Heydər Əliyevin böyük iradəsi və strateji uzaqgörənliyi sayəsində Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Bu məktəb, sovet rejiminin azərbaycanlıları komandir heyətindən uzaq tutmaq siyasətinə qarşı ən güclü cavab olmaqla yanaşı, gələcək müstəqilliyimizin peşəkar hərbi onurğasını və kadr bazasını formalaşdırdı.

90-cı illərin əvvəllərində müstəqilliyin yenidən bərpası fonunda yaşanan dağınıqlıq və Birinci Qarabağ Müharibəsinin ağrıları ordumuza böyük bir həqiqəti öyrətdi: nizam-intizamsız və vahid komandanlığı olmayan güc, nə qədər fədakar olsa da, mükəmməlliyə çata bilməz. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəni fəlakətdən xilas edərək ordu quruculuğunda inqilabi addımlar atdı. Pərakəndə, siyasiləşmiş könüllü batalyonlar ləğv edildi və dövlətin tək bir əmrinə tabe olan vahid, nizami ordu yaradıldı. Ulu Öndərin əsasını qoyduğu bu sarsılmaz təməl, müasir dövrdə dövlətimizin hərbi gücünün ideoloji və maddi sütununa çevrildi.

Bu güclü təməl üzərində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrini dünyanın ən müasir, texnoloji və məğlubedilməz orduları sırasına yüksəltdi. Cənab Prezidentin rəhbərliyi altında ordu quruculuğu iqtisadi güclə birləşdirildi. Milli hərbi sənaye yaradıldı, arsenalımız ən müasir PUA-lar və yüksək dəqiqlikli silahlarla təchiz olundu.

Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun olaraq yaradılan Komando briqadaları və Xüsusi Təyinatlı Qüvvələr ordunun döyüş qabiliyyətini ən ali səviyyəyə çatdırdı. Rəşadətli ordumuz 44 günlük Vətən Müharibəsində və lokal antiterror tədbirlərində dünya hərb tarixinə keçən unikal strateji qələbələr qazandı. Şuşada və Xankəndidə qürurla dalğalanan üçrəngli bayrağımız sübut edir ki, ordumuzun mükəmməlliyi onun dəqiq texnoloji zəkasında, aliliyi isə əsgərinin vətənə olan o sadə, sarsılmaz sevgisində gizlidir.

Cümhutiyyət varisi şanlı oldumuzun əldə etdiyi tarixi Zəfərlə həm 1918-ci il Cümhuriyyət qurucularının, həm də Ulu Öndərin müqəddəs vəsiyyəti ən ali şəkildə yerinə yetirildi.