Bu, Zəfər paradıdır, tarixi hadisədir

Bu, Zəfər paradıdır, tarixi hadisədir

BİZİM BAYRAĞIMIZ QÜRÜR MƏNBƏYİMİZDİR, BİZİM BAYRAĞIMIZ CANIMIZDIR,ÜRƏYİMİZDİR

Lalə Qafarova 

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

2 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin əməkdaşı

Qürur və fəxr olunacaq 10 dekabr Zəfər Paradının keçirilməsindən bir il ötür. Zəfər Paradı 30 il işğal altında olan torpaqlarımızın 44 gün ərzində Ali Baş Komandan, Prezident İlham Əliyevin "Dəmir yumruq" əməliyyatı ilə güclü Azərbaycan ordusunun rəşadətli əsgər və zabitlərinin  qəhrəmanlığının, xalqımızın birliyi və həmrəliyinin, Zəfər qələbəsinin Azadlıq meydanında nümayişidir. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşüdür. Bu, hər bir Azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradıdır.

Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən parad əvvəlkilərdən fərqli idi. Bu paradda Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirildi, bu paradın həsrətini 30 il gözlədik. Prezident İlham Əliyevin dediyi kimi: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradı, tarixi hadisədir”.

Zəfər Paradından iki gün sonra Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. Demək olar ki, bu park İkinci Qarabağ savaşında qazanılan zəfərin strateji çəkisini nümayiş etdirən tarixi memarlıq və  qəhrəmanlıq kompleksidir.

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlıqla və peşəkarlıqla həyata keçirdiyi ən uğurlu əməliyyatlardan biri də Şuşa döyüşləridir. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla sıx meşələrdən, dərin dərələrdən keçərək, qayalara, dağlara dırmaşaraq düşməni üzbəüz döyüşdə məhv edərək, Şuşa şəhərimizi azad ediblər. Xarici hərbi ekspertlərin diqqət mərkəzində olan bu döyüşlər hərbçilərimizin yüksək döyüş taktikası seçməsinin, peşəkarlığının və vətənpərvərliyinin nəticəsi idi. 

Müzəffər Ali Baş Komandan Prezident İlham çıxışında demişdir: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü, Ordumuzun peşəkarlığını göstərdi, Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”. Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan Azərbaycan Ordusu qarşısında duran ən böyük vəzifəsini layiqincə icra etdi. 44 günlük müharibədəki zəfəri ilə ordumuz yeni tarix yazdı, dövlətçiliyimizi, irsimizi yeni qəhrəmanlıq salnaməsi ilə zənginləşdirdi. Bu qələbə xalqımızın mübariz ruhunun, vətənpərvərliyinin, öz hüquqları uğrunda mübarizə aparmaq əzminin nümunəsinə çevrildi.

QARABAĞ AZƏRBAYCANDIR !!!