Bu gün dünyada güc amili ön plandadır

Bu gün dünyada güc amili ön plandadır

Sevinc Əliyeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 281 nömrəli tam orta məktəbin müəllimi

Xalqımız Vətən müharibəsində öz böyüklüyünü, yenilməz ruhunu, güclü iradəsini göstərdi və göstərdi ki, Azərbaycan xalqı öz torpaqlarının işğallı ilə barışmayacaq. Lakin, məsələnin sülh yolu ilə həll olunmasını istəyirdik. Uzun illər aparılan danışıqların məqsədi də bu idi. Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər rayonunda Komando hərbi hissəsinin açılışında çıxış edərkən bildirib: “Biz istəmirdik ki, qan tökülsün. Ümid edirdik ki, beynəlxalq aləm Ermənistana sanksiyalar tətbiq etməklə işğalçını məcbur edib bizim torpağımızdan çıxaracaq. Ancaq əfsuslar olsun ki, biz bunu görmədik və Azərbaycan xalqı bütün gücünü səfərbər edib tarixi şərəfli missiyanı yerinə yetirib”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Silahlı Qüvvələrin Ali Baş Komandanı bildirib ki, biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq, ancaq biz bu şanlı Qələbəni əldə etmək üçün gecə-gündüz çalışmalı idik, güc toplamalı idik. Azərbaycan Prezidentinin sözlərinə görə, bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir: “Beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir.

Haqq-ədalət bizim tərəfimizdə idi, beynəlxalq hüquq bizim tərəfimizdə idi, bizim torpaqlar işğal altında idi. Ancaq işğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” deməyib. Ona görə biz güc toplamalı idik ki, özümüz bu vəzifəni icra edək və toplayırdıq. Siyasi güc topladıq, beynəlxalq aləmdə öz gücümüzü artırdıq. Bütün dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. İqtisadi güc topladıq və iqtisadi müstəqillik əldə etdik. Əgər iqtisadi müstəqillik olmasaydı, imkanlarımız olmasaydı, biz müharibəni hansı vasitələrlə aparacaqdıq? Ona görə iqtisadi müstəqillik və sürətli inkişaf bizim Qələbəmizi yaxınlaşdırırdı”.

Güc amilinin bundan sonra da dünyada hakim olacağını vurğulayan Azərbaycan Prezidenti qeyd edib: “Bunu indi yaxın tarix də göstərir. Ona görə bundan sonra da güclü olmalıyıq və güclü oluruq. Bu gün iqtisadi göstəricilərimiz çox müsbətdir. Deyə bilərəm ki, dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır. Hərbi gücümüzü də artırırıq. Müharibədən sonra yeni silahlı birləşmələr yaradılıb, yeni texnika alınır və bundan sonra da biz bunu edəcəyik. Çünki biz güclü olmasaq, istədiyimiz kimi yaşaya bilmərik. Biz istəyirik ki, azad yaşayaq. Biz istəyirik ki, bundan sonra heç kim bizim işimizə qarışmasın. Buna ehtiyac yoxdur. Biz elə gözəl dövlət qurmuşuq ki, bu gün bir çoxları buna həsəd apara bilər. Heç kim gəlib bizə dərs oxumasın, məsləhət verməsin, öyrətməsin. Buna ehtiyac yoxdur” Biz birinci Qarabağ müharibəsində torpaqlarımızı ona görə itirdik ki, həmin vaxtlar Azərbaycan rəhbərliyi öz vəzifə borcunu yerinə yetirə bilməmişdi.

1992-ci ildə Şuşanın, Laçının, 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi faktiki olaraq Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratdı və ondan sonra digər torpaqların işğalı qaçılmaz idi. Prezident İlham Əliyev işğalın səbəblərindən danışarkən söyləyib. “Ordumuz demək olar ki, dağılmışdı, nizami ordu yaradılmamışdı, cəsarətli, qəhrəman övladlarımız, sadəcə olaraq, qəhrəman kimi vuruşaraq şəhid olurdular, torpaqlarımız əldən gedirdi. Gücümüz yox idi. Ona görə güc amili ön plana çıxdı. Bu gün artıq dəyişən dünyada güc amili demək olar ki, rəsmi qaydada ön plana çıxıbdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Uzun illər Azərbaycana rəhbərlik edən, müstəqilliyin ilk illərində, Azərbaycanın Dövlət Müstərilliyinin məhv olması, vətəndaş müharibəsi təhlükəsinin yaşandığı bir dövrdə xalqın təkidli çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev ilk olaraq Milli Ordu quruculuğunun yaradılmasına və bazasının gücləndirilməsinə diqqət göstərib. Bu siyasi yolu uğurla davam etdirən Prezident İlham Əliyev də ordumuzun güclənməsi və inkişafı üçün ardıcıl olaraq əməli işlər görüb və görür. Cənab Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur.

Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb. Azərbaycan Ordusunda xidmət edən, torpaqlarımızın keşiyini çəkən, gecə-gündüz bu şərəfli missiyanı yerinə yetirən hər bir vətən övladı həqiqətən də hörmət və ehtirama layiqdir. Məhz bunun üçün dövlətimizin başçısının xüsusi tapşırığı və göstərişlərinə uyğun olaraq şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər zabitlərin məişət problemləri də həll olunur. Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu, kadr siyasətinin düzgün qurulması nəticəsində ordumuz dünyanın ən güclü orduları ilə müqayisə olunacaq səviyyəyə çatdı. Bu gün Azərbaycan ordusu dünyanın 50 ən güclü orduları sırasındadır. Azərbaycan öz gücünə arxalanır və heç bir dövlətdən asılı olmayan bir dövlətdir