Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı yeni strateji inkişaf mərhələsinə qədəm qoyur

Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı yeni strateji inkişaf mərhələsinə qədəm qoyur

Tərlan Bəbirov

Suraxanı Tibb Mərkəzinin direktoru

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı verdiyi bəyanat Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bir daha nümayiş etdirdi. Dövlət başçısının vurğuladığı kimi, son aylarda Avropa İttifaqının ali rəhbərliyinin Azərbaycana həyata keçirdiyi ardıcıl səfərlər qarşılıqlı etimadın, siyasi dialoqun və strateji tərəfdaşlığın əhəmiyyətli dərəcədə möhkəmləndiyini təsdiqləyir. 

Prezident İlham Əliyev bəyan etdi ki, Avropa Komissiyası ilə Azərbaycan arasında əməkdaşlıq müsbət mənada sürətlə inkişaf edir və münasibətlərdə indiyədək görünməmiş dinamika formalaşıb. Bu dinamikanın əsasında qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ortaq maraqlara əsaslanan əməkdaşlıq dayanır.

Bu gün Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Xarici ticarət dövriyyəmizin 40 faizdən çoxu Avropa İttifaqına üzv dövlətlərlə həyata keçirilir. Eyni zamanda, Cənubi Qafqaz regionunda Avropa İttifaqının ən böyük ticarət tərəfdaşı məhz Azərbaycandır. Bu fakt ölkəmizin regionun aparıcı iqtisadi gücü kimi mövqeyini bir daha təsdiqləyir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol isə ildən-ilə daha da artır. Dörd il əvvəl imzalanmış Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumundan sonra Azərbaycanın Avropa bazarına təbii qaz ixracı təxminən 65 faiz artıb. 

Hazırda ölkəmiz Avropa İttifaqının 10 üzv dövlətini təbii qazla təmin edir və bu coğrafiyanın daha da genişləndirilməsi üçün mühüm imkanlar mövcuddur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müasir dövrdə enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir. Məhz uzaqgörən enerji siyasəti nəticəsində Azərbaycan böyük maliyyə və siyasi resurslar hesabına Cənub Qaz Dəhlizi kimi qlobal əhəmiyyətli layihəni reallaşdırıb. Təxminən 3500 kilometrlik bu enerji infrastrukturu bu gün Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrilib.

Azərbaycan eyni zamanda beynəlxalq nəqliyyat-logistika sisteminin mühüm mərkəzi kimi mövqeyini daha da gücləndirir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçısı olan ölkəmiz liman, dəmir yolu və logistika infrastrukturuna milyardlarla dollar sərmayə yatıraraq Avrasiya məkanında etibarlı tranzit qovşağı formalaşdırıb. Yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın strateji əhəmiyyəti daha da artır.

Bəyanatda yaşıl enerji sahəsində əməkdaşlıq da xüsusi yer aldı. Dövlət başçısı bildirdi ki, artıq imzalanmış müqavilələr yaxın beş-altı il ərzində Azərbaycanda əlavə 8 giqavat günəş və külək enerjisi istehsalına imkan verəcək. Bu isə ölkəmizin yalnız ənənəvi enerji deyil, həm də bərpaolunan enerji sahəsində Avropanın etibarlı tərəfdaşına çevrildiyini göstərir.

Görüş zamanı regional təhlükəsizlik məsələləri və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi də geniş müzakirə olunub. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən sülh gündəliyi artıq real nəticələr verməkdədir. Ölkəmiz sülhün möhkəmləndirilməsi məqsədilə mühüm humanitar və iqtisadi addımlar ataraq Ermənistan istiqamətində yük tranzitinə tətbiq olunan məhdudiyyətləri aradan qaldırıb, enerji daşıyıcılarının ixracına başlayıb və regionda etimad mühitinin formalaşmasına töhfə verir.

Azərbaycanın əsas məqsədi Cənubi Qafqazda davamlı sülhün, sabitliyin və əməkdaşlığın təmin olunmasıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz sülhü yalnız siyasi sənədlərdə deyil, gündəlik həyatda hiss olunan reallığa çevirmək əzmindədir. Bu istiqamətdə Avropa Komissiyasının dəstəyi də yüksək qiymətləndirilir.

Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan müstəqil və praqmatik xarici siyasəti, güclü iqtisadiyyatı, etibarlı enerji strategiyası və sülh təşəbbüsləri ilə beynəlxalq aləmdə nüfuzunu davamlı şəkildə artırır. Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatçılarından biri, regionun əsas iqtisadi və nəqliyyat mərkəzi, eyni zamanda Cənubi Qafqazda sülhün və əməkdaşlığın aparıcı təşəbbüskarı kimi öz mövqeyini daha da möhkəmləndirir.

Məhz Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, sözünə və öhdəliklərinə sadiq dövlət kimi qəbul edilir. Ölkəmizin əldə etdiyi uğurlar qarşıdakı illərdə də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının daha da genişlənəcəyinə və regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfələr verəcəyinə əminlik yaradır.